Papa Fransiskin rəsmi dəvəti ilə

 

Yanvarın 12-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyətinin Vatikana səfəri başlayır.

QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyətinə Azərbaycan dağ yəhudiləri icmasının başçısı Melix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy Nikonorov və Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekti Yepiskop Vladimir Fekete daxildirlər.

Roma Katolik Kilsəsinin başçısı Papa Fransiskin rəsmi dəvəti ilə həyata keçirilən səfər Vatikanla Azərbaycan arasında qarşılıqlı əlaqələrin genişlənməsi fonunda dinlərarası dialoq və əməkdaşlıq müstəvisində yeni imkan və perspektivlər açır. Vatikanın bu əməkdaşlıqda maraqlı olduğunu Papa Fransisk 2016-cı ildə Bakıya səfəri zamanı Azərbaycandakı dini konfessiya rəhbərləri ilə görüşündə ifadə edib, qarşılıqlı səfərlərin önəmini vurğulayıb.

Azərbaycan nümayəndə heyətinin Vatikan dövlətinin başçısı və dünya katoliklərinin lideri – Roma Papası Fransisk, habelə Müqəddəs Taxt-Tacın bir sıra ali rəsmiləri, o cümlədən dövlət katibi Kardinal Pietro Parolin, Dinlərarası dialoq üzrə Pontifik Şurasının rəhbəri Kardinal Migel Ayuso, Xarici dövlətlər ilə əlaqələr üzrə Katib Arxiyepiskop Riçard Qallaher ilə görüşləri planlaşdırılır. Görüşlər zamanı işğaldan azad olunmuş Azərbaycan torpaqlarında dini-mənəvi irsin bərpası, məscid, kilsə və məbədlərin yenidən qurulması sahəsində görülən işlər barədə ətraflı bəhs olunması, Azərbaycan həqiqətləri və multikultural həyat tərzi barədə fikir mübadiləsi nəzərdə tutulur.

Qafqaz Müsəlmanları İdarəsinin Vatikanla dini-mənəvi əlaqələri uzun illərdir inkişaf edir. QMİ-nin dinlərarası dialoq və əməkdaşlığa dair beynəlxalq tədbirlərində Vatikan rəsmiləri ilə əməkdaşlıq təcrübəsi mövcuddur. Azərbaycanın dini konfessiya rəhbərləri Vatikana səfər müddətində ölkəmizin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın nəcib təşəbbüsü ilə Vatikanda Heydər Əliyev Fondunun xətti ilə həyata keçirilən misilsiz əhəmiyyətə malik layihələrlə də tanış olacaqlar.

Səfər yanvarın 17-dək davam edəcək.