İşğaldan azad edilmiş ərazilərdə vəziyyət və həyata keçirilən bərpa işləri barədə də danışılıb

 

Azərbaycanla Koreya Respublikası arasında uzun illərdir müxtəlif sahələrdə fəal əməkdaşlıq həyata keçirilir. Koreyanın yüksək səviyyəli rəsmilərinin Azərbaycana səfərləri münasibətlərimizin inkişafına töhfə verir.

Prezident İlham Əliyev bu fikri yanvarın 10-da Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Li İn-Yonqun etimadnaməsini qəbul edərkən deyib.

Dövlət başçısı iqtisadi sahədə əməkdaşlığa toxunaraq, Koreyanın bir çox şirkətinin ölkəmizdə müxtəlif sahələrdə, o cümlədən infrastruktur və inşaat layihələrində uğurla iştirak etdiklərini vurğulayıb. Birgə investisiya sahələrinin, ixrac-idxal əməliyyatlarının artırılmasının, insanlar arasında təmasların genişləndirilməsinin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev qarşılıqlı əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Səfir Li İn-Yonq son 30 il ərzində Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında əlaqələrin inkişaf etdiyini vurğulayaraq, iqtisadi əməkdaşlığın ölkələrimizin potensialına uyğun olaraq daha da möhkəmləndirilməsinin vacibliyini bildirib və diplomatik fəaliyyəti dövründə bu istiqamətdə səylərini əsirgəməyəcəyini deyib.

Görüşdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işlərində Koreya şirkətlərinin mümkün iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb.

***

Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə beynəlxalq hüququn aliliyini və Qoşulmama Hərəkatının təməlini təşkil edən “Bandunq prinsipləri”ni daima rəhbər tutur.

Prezident İlham Əliyev bu sözləri isə Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abdelouahab Osmanın etimadnaməsini qəbul edərkən diqqətə çatdırıb.

Xatırladaq ki, “Bandunq prinsipləri” – dövlətlərin dinc yanaşı yaşaması və  beynəlxalq münasibətlərin on əsas prinsipi 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən beynəlxalq konfransda (Asiya və Afrika ölkələrinin iştirakı ilə) qəbul edilib. 1961-ci ildə əsası qoyulan Qoşulmama Hərəkatı (hazırda 120 ölkəni birləşdirir) “Bandunq prinsipləri”ni fəaliyyətində rəhbər tutur. Azərbaycan 2019-cu ildən Qoşulmama Hərəkatına sədrliyi həyata keçirir. Əlcəzair də bu təşkilatın fəal üzvlərindən biridir.

Prezident Azərbaycan-Əlcəzair əlaqələrinin yaxşı səviyyədə olduğunu qeyd edərək, beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində fəal əməkdaşlığın həyata keçirildiyini vurğulayıb. İqtisadi sahədə fəaliyyətin intensivləşdirilməsi və ticarət dövriyyəsinin artırılması imkanlarının araşdırılmasının zəruriliyini bildirən İlham Əliyev, həmçinin insanlar arasında fəal təmasların təşviqinin ikitərəfli münasibətlərin inkişafı baxımından önəmini qeyd edib.

Dövlət başçısı 30 ilə yaxın müddətdə Azərbaycan ərazilərinin işğal altında qalmasına və Ermənistanın bu ərazilərdə törətdiyi dağıntılara, Azərbaycanın mədəni irsinə qarşı vandalizm əməllərinə toxunaraq regional əməkdaşlığı nəzərdə tutan postmünaqişə dövrünə aid sülh gündəliyinin həyata keçirildiyini bildirib.

Səfir Abdelouahab Osman Əlcəzair Prezidenti Abdelmacid Tebbunun salamlarını Azərbaycan Prezidentinə çatdırıb. İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Əlcəzair dövlətinin başçısına çatdırmağı xahiş edib.