Yanvarın 11-i günorta saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuz, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nəzərov Ayaz Azər oğlu şəhid olub.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən müvafiq tədbirlər nəticəsində qarşı tərəf susdurulub. Müdafiə Nazirliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi də Ermənistan silahlı qüvvələrinin Kəlbəcər rayonu istiqamətində növbəti təxribatı ilə bağlı məlumat yayıb.

“Ermənistan tərəfinin hərbi təxribatları davam etdirməsini qətiyyətlə pisləyirik. İki dövlət arasında münasibətlərin normallaşması istiqamətində addımlar atmaq əvəzinə, dövlət sərhədində növbəti qanlı təxribatı törətməklə Ermənistanın hərbi-siyasi rəhbərliyi bölgədə vəziyyətin gərginləşdirilməsinə görə bilavasitə məsuliyyət daşıyır” – deyə XİN-in bəyanatında vurğulanır.