Valeh Hacılar Beynəlxalq Elm və Mədəni Araşdırmalar Fondu 2021-ci il üçün “Türk dünyasına xidmət mükafatları” sahiblərinin adını açıqlayıb.

Fonddan bildirilib ki, növbəti mükafata professorlar Peter Zieme (Almaniya), Selçuk Kırlı (Türkiyə), fəlsəfə doktoru Hao Chen (Çin) və pedaqoq, mətnşünas Ramazan Avcı (Türkiyə) layiq görülüblər.

Xatırladaq ki, fond Azərbaycanın tanınmış ədəbiyyatşünas alimi, şair, pedaqoq və ictimai xadim, Gürcüstan Ədəbiyyatşünaslıq Akademiyasının həqiqi üzvü, İ.Çavçavadze adına Tbilisi Dövlət Universitetinin professoru olmuş Valeh Hacıların (1951-2010) xatirəsinə ehtiram olaraq 2010-cu ildə təsis edilib. Fond tərəfindən 2012-ci ildən etibarən hər il müxtəlif ölkələrdən türkologiyanın inkişafında töhfə verən şəxslərə mükafat təqdim edilir.

Fondun rəhbəri qədim türk yazılı abidələri üzrə tanınmış mütəxəssis, Bursa Uludağ Universitetinin professoru Cengiz Alyılmazdır.