2500 ildən artıq yaşı olduğu deyilən kukla sənəti lap qədimdən mədəni irs nümunəsi kimi sənət növləri arasında məxsusi yer tutmaqdadır. Zamanın ələyindən ələnərək müəyyən dövrlərdə kukla sənəti ayin, oyun və daha sonra teatr alətinə, müasir dövrdə isə həm də bədii sənət əsərinə çevrilib.
...Atası ona kukla alanda gözlərinin qara olmasından çox təəccüblənən Solmaz xanım gəlinciklərin gözlərini qara qələmlə rəngləyər, istədiyi kimi alınmayanda isə “böyüyəndə özüm kukla düzəldəcəyəm” deyərdi. Kiçik qızın arzuları hələ uşaqlıqdan onun gələcəkdə yiyələnəcəyi peşəsinin qığılcımlarının işartısı idi.
Solmaz Musayeva 10 aprel 1928-ci ildə Bakının Mərdəkan kəndində dövrünün tanınmış ziyalılarından olan publisist Qurban Musayevin ailəsində dünyaya gəlmişdi. Böyüdüyü mühit yaradıcı insanlarla əhatə olunmuşdu. Solmaz xanımın əmisi – o vaxt gənc yazıçı olan Qılman İlkinin, xalası oğlu – gələcəyin tanınmış yazıçısı və kino xadimi Həsən Seyidbəylinin Musayevlərin evində tez-tez olması balaca qızın sənət aləminə marağını günbəgün artırmasında müstəsna rol oynamışdı. O, böyüdükcə arzuları da qanadlanır, sənətə olan sevgisi alovlanırdı. Bu minvalla yollar onu Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə aparır. Burada tanınmış rəssam Maral Rəhmanzadədən qrafika sənətinin sirlərini öyrənir. 1952-ci ildə Rəssamlıq Məktəbini bitirən Solmaz xanım V.Muxin adına Leninqrad (Sankt-Peterburq) Ali Bədii Dekorativ-Tətbiqi Sənət İnstitutunun Keramika fakültəsinə əla qiymətlə daxil olsa da, çox təəssüf ki, ailə vəziyyəti ilə bağlı təhsilini yarımçıq qoymağa məcbur olur.
Solmaz Musayeva 1965-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olub. Rəssamın fəaliyyətinin əsas dövrü Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı ilə bağlıdır. Bu teatrda 1965-1981-ci illərdə quruluşçu rəssam, 1987-ci ildən isə baş rəssam kimi fəaliyyət göstərib. Teatrda işlədiyi müddətdə 60-dan çox tamaşaya səhnə tərtibatı verib. Onlardan A.Qaydarın “Malçiş-Kibalçiş”, S.Marşakın “Bu kimin evidir?”, Ü.Hacıbəylinin “O olmasın, bu olsun”, Ə.Abbasovun “Şəngülüm, Şüngülüm, Məngülüm”, X.Əlibəylinin “Cunquş”, Anarın “Qaravəlli”, T.Mütəllibovun “Meşə nağılı”, F.Sadığın “Yumaq top”, M.Atəşin “Cırtdan”, M.Seyidzadənin “Sehrli nar” və s. kimi yaddaqalan, uşaqların sevdiyi tamaşaları qeyd etmək mümkündür.
Solmaz xanımın kukla sənəti üzrə təhsili olmasa da, dünya miqyasında keçirilən kukla teatrı festivallarında iştirak etməsi onun üçün əsl sənət məktəbi olub. Tamilla Məhərrəmova ilə birgə işi olan “Sehrli quyu” tamaşası Cənubi Qafqaz teatrlarının festivalında uğurla nümayiş olunub, “Cunquş” tamaşası Hindistanda, “ O olmasın, bu olsun” tamaşası Özbəkistanda böyük rəğbətlə qarşılanıb.
Teatr rəssamlığı ilə yanaşı, Solmaz Musayeva təsviri sənətin digər sahələrində də öz qabiliyyət və istedadını nümayiş etdirərək 6 cizgi filminə quruluş verib. “İlham” kukla cizgi filmi 1974-cü ildə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən beynəlxalq festivalda I dərəcəli diploma, “Göyçək Fatma” kukla cizgi filmi 1976-cı ildə Gürcüstan Rəssamlar İttifaqının xüsusi diplomuna layiq görülüb. Azərbaycanda istehsal olunan ilk kukla cizgi filmlərinin rəssamı olan Solmaz Musayeva bu ekran əsərlərini rejissor Vaqif Behbudovla birlikdə ərsəyə gətirib.
Onun 1993-cü ildə Pakistanda keçirilən Şərq ölkələrinin tətbiqi sənət festivalında təqdim etdiyi gəlinciklər baş örtüklərindən tutmuş çarıqlarına qədər milli koloritdə, Azərbaycanın ayrı-ayrı bölgələrinə məxsus libaslarda olması ilə diqqət mərkəzində olmuşdu. Festivalın ən maraqlı iştirakçısı hesab edilən Solmaz xanım I dərəcəli mükafata layiq görülmüşdü. Azərbaycan rəssamını artıq dünyanın bir çox yerlərində yaxşı tanıyır və onun sənətinə rəğbət göstərirdilər.
Rəssamın 25 kukladan ibarət zəngin koloritli “Azərbaycan qadın toyu” kompozisiyası 1995-ci ildə Səttar Bəhlulzadə adına sərgi salonunda Novruz sərgisində nümayiş etdirilmişdi. Kuklalar sərgi ilə tanış olan Ümummilli lider Heydər Əliyevin çox xoşuna gəlmiş və müəlliflə maraqlanmışdı. Ulu öndər Solmaz Musayevanın istedadını dəyərləndirərək ona işlərində uğurlar arzulamışdı. Rəssam ömrünün sonuna kimi onun yaradıcılığı barəsində deyilmiş xoş sözləri dərin minnətdarlıqla xatırlayırdı. Həmin əsər Avstraliyada keçirilən spartakiada zamanı da ekspozisiyada nümayiş etdirilmişdi.
Solmaz Musayevanın yaradıcılığında “Şuşalı qadına Şirvanlı xanım qonaq gəlib” adlı əsərini xüsusi qeyd etmək lazımdır. Hər iki bölgənin geyimlərindəki özünəməxsusluğu bütün elementlərdə vurğulayan müəllif tamaşaçılarını sanki sehrli aləmə aparır. Əlbəttə, rəssamın hər əsəri haqqında geniş danışmaq mümkündür. Amma onu qeyd etmək lazımdır ki, Şuşa mövzusu hər bir azərbaycanlı üçün incə məqam və həssas mövzudur. Çox təəssüf ki, ömür Solmaz xanıma tarixi Zəfərimizi, Şuşanın azad olunduğu günü görməyə vəfa etmədi. Böyük məhəbbət və xiffətlə yaratdığı “Şuşalı qadına Şirvanlı xanım qonaq gəlib” əsəri hazırda UNESCO qərargahının daimi eksponatıdır.
1987-ci ildən fərdi yaradıcılıqla məşğul olan rəssamın dörd mindən artıq milli etnoqrafik kuklası ölkəmizdə və xaricdə muzeylərdə, şəxsi kolleksiyalarda saxlanılır. Azərbaycan Dövlət Rəsm Qalereyasının kolleksiyasında Solmaz Musayevanın 8 əsəri qorunur.
Solmaz Musayevanın yaradıcılığı dövlət tərəfindən qiymətləndirilmiş, 2007-ci ildə “Əməkdar rəssam” fəxri adına layiq görülmüşdü.
Nağılvarı kompozisiyalar, çoxsaylı obrazlardan ibarət kukla ansambllarının müəllifi Solmaz Musayeva 21 oktyabr 2016-cı ildə vəfat edib.
Könül Vəliyeva
Azərbaycan Dövlət Rəsm Qalereyasının əməkdaşı