Yanvarın 12-də Heydər Əliyev Sarayında istedadlı rəssam Nərgiz Quliyevanın fərdi sərgisi açılıb.
Sərgi Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalının birgə həyata keçirdiyi “Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində təşkil olunub.
Sərgidə Azərbaycan Rəssamlar İttifaqının üzvü, “Nargiz Art Studio”nun rəhbəri Nərgiz Quliyevanın müxtəlif mövzularda çəkdiyi tablolar yer alıb. Rəssam əsərlərində multikulturalizm, təbiət mövzularına, peyzaj janrına üstünlük verir. Rəsmlərdə əsas məqsəd ətraf aləmin gözəlliklərini tamaşaçılara çatdırmaqdır.
Tədbirdə layihənin ideya müəllifi, Heydər Əliyev Sarayının direktoru, Əməkdar artist Ramil Qasımov çıxış edərək layihənin əhəmiyyətindən danışıb. Bildirib ki, bizi bir-birimizə zəngin köklərə malik olan mədəniyyətimiz bağlayır.
Sonra iştirakçılar sərgi ilə tanış olublar.