“Mədəniyyət/Culture” jurnalının ötən il üçün son sayı oxucuların ixtiyarına verilib. 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması ilə əlaqədar jurnal əsasən dahi şairin heç zaman dəyərini itirməyən irsinə həsr edilsə də, digər aktual mövzulara da yer ayrılıb.

“Şuşa diləkli ana və oğul”, “Səhnədən hərb meydanına, yaxud “4.4” Qısa tamaşalar festivalı”, “Ağdama... Lənkəran Dram Teatrının dəvəti ilə getdik...”, “Düşmənə qan udduran iki əmioğlu – biri yerdə, biri göydə...” və digər maraqlı yazılar “Qarabağ Azərbaycandır” rubrikasında yer alıb.

Nəşrin əsas özəyini təşkil edən “Nizami - 880” bölməsində görkəmli ədəbiyyatşünas alimlər – Zümrüd Dadaşzadənin “Nizaminin söz qəsrinin musiqi təcəssümü”, Akif Azalpın “Şərq intibahının iki zirvəsi”, Səadət Şıxıyevanın “Nizaminin Səqlab gözəli slavyandırmı?”, Yaşar Qasımbəylinin “Ədəbiyyatın Nizamisi və Nizami ədəbiyyatda”, mərhum Qulamhüseyn Əliyevin “Nizaminin etidal təlimi”, Şəfəq Əlibəylinin “Nizami nəzmində rənglər palitrası”, İmamverdi Həmidovun “Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması ilə Məcnun ləqəbli şair Qeysin şeirlərinin müqayisəli öyrənilməsi”, Nəzakət Məmmədlinin “İsgəndərnamə” əsərində Qafqaz və Azərbaycan: tarixi həqiqətlər və bədii gerçəklik”, Ziyadxan Əliyevin “Nizami poeziyası rənglərin işığında”, İradə Musayevanın “Nizami Gəncəvi klassik və müasir tədqiqlərdə”, Zöhrə Əliyeva və Cəmilə Həşimovanın “Nizami yaradıcılığında mistik konsepsiya (“Yeddi gözəl” poeması əsasında)” və digər yazılar yer alıb.

“Nizami - 880 dünyada”, “Nizami obrazı səhnədə və ekranda”, “Nizaminin söz mülkü”, “80 yaşlı söz məbədi”, “Heykəltəraşlıqda Nizami Gəncəvi obrazları”, “Bir yubileyin tarixindən”, “Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda Nizami dünyası”, “Nizami Gəncəvi Muzeyi” və sair qeydlərdə də böyük mütəfəkkirin həyat və yaradıcılığına bir daha işıq salınır.