Xalq artisti Cəfər Namiq Kamalın 70 illiyinə həsr olunmuş “Tale yazısı” kitab çapdan çıxıb. Tanınmış teatrşünas və dramaturq Çingiz Ələsgərlinin müəllifi olduğu kitab Cəfər Namiq Kamalın Azərbaycan Dövlət Gənc Tamaşaçılar və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrlarında əlli illik sənət yoluna ətraflı nəzər salınıb.

Kitabda aktyorun bu gün də uğurla davam etdirilən zəngin yaradıcılıq təcrübələri, yaratdığı və ya müxtəlif səbəblərdən yaratmadığı obrazlar haqqında düşüncələri, mülahizələri, arzuları, başına gələn məzəli hadisələr, haqqında müxtəlif qəzetlərdə çap olunmuş resenziyalardan parçalar, fotolar və xatirələr toplanıb.

“Cəfər Namiq haqqında deyilənlər” bölümündə sənətkarın sənətkar qardaşı, Xalq artisti İlham Namiq Kamal, Xalq yazıçısı Elçin, xalq artistləri Ramiz Həsənoğlu, Bəsti Cəfərova və başqalarının aktyor haqqında fikir və arzuları yer alıb.

“Tale yazısı” kitabının təqdimat mərasimi yanvarın 17-də Bakı Kitab Mərkəzində keçiriləcək.