Yanvarın 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında italyan bəstəkarı Cüzeppe Verdinin “Traviata” operasının tamaşası keçirildi və sənətsevərlər dahi bəstəkarın musiqisinin sehrinə düşüblər.

Fransız yazıçısı Aleksandr Dümanın (oğul) məşhur “Kameliyalı qadın” əsərindən operaya uyğunlaşdırılan, Parisin elit təbəqəsinin tanınmış simalarından olan, ömrünün möhtəşəm saraylarda keçməsinə baxmayaraq, əsl sevgiyə həsrət qalan Violetta adlı gənc qadının enişli-yoxuşlu həyatından və Alfredlə nakam sevgisindən bəhs edən “Traviata” operasının tamaşası musiqi bayramı kimi yaddaşlarda qalıb.

Dünyanın opera teatrlarında ən çox səhnələşdirilən əsərlərdən biri olan və sonu bədbəxtliklə bitən sevgi hekayəsində baş rollarda Əməkdar artistlər Ramil Qasımov (Alfred) və İnarə Babayeva (Violetta) çıxış ediblər. Dahi Verdinin bütün əsərlərində kişi və qadın partiyalarının hər zaman vokal baxımından çətin sayılan geniş diapazonlu səslər olduğunu nəzərə alsaq, onların duetləri və ifaçılıq qabiliyyətləri çox xoşagələn və uğurlu alınıb və dinləyicilərin zövqünü dərindən oxşamaqla onları heyran qoyub.

İnarə Babayeva əsərin əvvəlindən axırına qədər, texniki və bədii cəhətdən son dərəcə çətin bir rol olan Violettanı mükəmməl ifa ilə təqdim edib. Zəngin səsi ilə ən yüksək notlarda asanlıqla hərəkət edə bilməsi onun səsinə nə qədər hakim olduğunun göstəricisi idi. Səhnədə öz rolunu yaşamasıyla onun aktyorluq bacarıqları da diqqəti cəlb edirdi.

Ramil Qasımov ilk dəfə debüt etdiyi Alfredo rolunda özünəməxsus və uğurlu ifası ilə seçilib. Səhnədə böyük ustalığı, belkanto ifaçılığı, texniki cəhətdən bacarığı, italyan dilində sözlərin səlist deyilişi və ifası ilə tamaşaçılar tərəfindən hərarətlə qarşılanıb.

Dirijoru Xalq artisti Fəxrəddin Kərimov, xormeystri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva olan tamaşada digər rollarda Xalq artisti Əli Əsgərov (Markiz), Tələt Hüseynov (Doktor D' Obinyi), Əməkdar artistlər Cahangir Qurbanov (Jermon), Tural Ağasıyev (Qaston) və solistlər Nina Makarova (Flora), Mahir Tağızadə (Baron Bufol), Səbinə Bağırova (Anina) kimi möhtəşəm ifaları ilə fərqlənən məşhur opera müğənniləri iştirak ediblər.