Yeni layihələr reallaşacaq

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin sədri Mücahit Demirtaşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Fondun prezidenti qonaqları salamlayaraq, üzv dövlətlərlə, o cümlədən qardaş Türkiyə ilə sıx əlaqələrin təşkilat üçün əhəmiyyətindən bəhs edib. O, Türk Dövlətləri Təşkilatında sədrliyin Türkiyəyə keçməsinin türk dövlətləri arasında qarşılıqlı tərəfdaşlığın inkişafına böyük töhfə verəcəyini vurğulayıb. Fondun yarandığı vaxtdan Türk Dünyası Mühəndislər və Memarlar Birliyi ilə əməkdaşlıq qurduğunu deyən Günay Əfəndiyeva ötən il “Qarabağın keçmişi, bu günü və gələcəyi” mövzusunda birgə təşkil olunan beynəlxalq videokonfransı xatırladıb, yeni layihələrin həyata keçirilməsinin vacibliyini qeyd edib.

Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin sədri Mücahit Demirtaş Azərbaycana səfərindən və görüşdən məmnun olduğunu deyərək, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə əməkdaşlığın əhəmiyyətini qeyd edib. O, 2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan olunması ilə əlaqədar, Qarabağda erməni vandalizmi nəticəsində dağıntılara məruz qalmış abidələrin bərpası, eləcə də digər istiqamətlərdə birgə işlərin görülməsinin önəmini vurğulayıb.

Mücahit Demirtaş Günay Əfəndiyevanın Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin fəxri üzvü seçildiyini bildirən üzvlük diplomunu ona təqdim edib.