Ölkə başçısının 17 dekabr 2021-ci il tarixində imzaladığı sərəncamlara əsasən, Azərbaycanda memarlığın inkişafında xidmətlərinə görə bir qrup memar dövlət təltiflərinə layiq görülüb.

Yanvarın 21-də Azərbaycan Memarlar İttifaqında təltifetmə mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova və digər qonaqlar iştirak ediblər.

Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə qonaqları salamlayıb, müasir dövrdə memarlıq və şəhərsalmanın dövlət siyasətinin ayrılmaz bir hissəsi kimi Prezident İlham Əliyevin daim diqqət mərkəzində olduğunu qeyd edib. Bildirib ki, dövlət başçısının memarların təltif olunması ilə bağlı son sərəncamı da onların fəaliyyətinə verilən yüksək qiymətin göstəricisidir.

Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov respublikada memarlığın inkişafından söz açıb. Nazir dövlət başçısı tərəfindən orden, medal və fəxri ada layiq görülən memarlara təltifləri və vəsiqələri təqdim edib, onlara yeni uğurlar arzulayıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə ölkəmizdə memarlığın inkişafında xidmətlərinə görə üç nəfər (Siyavuş Dadaşov, Ramiz Əbdülrəhimov, Məmməd İbrahimov) 3-cü dərəcəli “Əmək” ordeni ilə, yeddi nəfər (Sürəyya Axundova, Cahid Əlizadə, Abdul Hüseynov, Emir Hüseynov, Rövşən Səmədov, Könül Turabova,  Nərmin Yusifli) “Tərəqqi” medalı ilə təltif olunub.

Dövlət başçısının digər sərəncamları ilə beş nəfərə (Cahangir Axundov, Səbinə Hacıyeva, Nizami Qasımov, Şəhla Qəhrəmanova, Kami Məmmədov) “Əməkdar memar” fəxri adı, Fəxrəddin Miralayevə isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.