Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 1 nömrəli filialının əməkdaşı Səidə Rəcəbova məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətini əks etdirən videoçarx hazırlayıb. Kitabxananın sosial hesablarında yayımlanan videoçarxda Hacı Zeynalabdin Tağıyevin nüfuzlu neft maqnatı olaraq adını Azərbaycan tarixinə yazdırmasından, geniş xeyriyyəçilik fəaliyyətindən bəhs edilir. Videoçarxda Tağıyevin müxtəlif illərdə çəkilmiş fotoları da yer alıb.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon MKS-də “Şuşa İli” çərçivəsində “Şuşa – döyünən ürəyimiz” adlı sərgi təşkil edilib. Sərgidə Şuşa haqqında rəsmi sənədlər, Azərbaycanın görkəmli şəxsiyyətlərinin fikirləri, şəhərin tarixi, mədəniyyəti, coğrafiyası haqqında kitablar, eləcə də dövri mətbuat səhifələrində dərc olunan məqalələr, fotolar nümayiş olunub. Kitabxana əməkdaşları oxuculara Şuşanın tarixi, görkəmli şəxsləri, mədəniyyəti haqqında məlumat verib.

Sabunçu rayon MKS-nin 2 nömrəli filialı isə Vətən müharibəsi şəhidi Pərvin Təhməzov haqqında “Qəhrəmanlıq əbədi yaşayır” adlı videoçarx hazırlayıb.

Pərvin Təhməzov 1997-ci il yanvarın 22-də Sumqayıtda anadan olub. Şəhərdəki  V.İbrahim adına 35 nömrəli tam orta məktəbdə oxuyub. Qərbi Kaspi Universitetinin Filologiya fakültəsində üzrə ingilis dili ixtisası üzrə ali təhsil alıb. 2020-ci ilin iyulunda hərbi xidmətə yollanıb. Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılıb. Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölkə başçısının sərəncamı ilə Pərvin Təhməzov ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.