Nyu-Yorkda azərbaycanlı gənclərin sərgisi
Gəncə şəhərindən olan və hazırda Nyu-York şəhərində yaşayan azərbaycanlı gənclər Orxan Məmmədov və Lara Binnet ölkəmizin mədəni irsini dövrümüzün ən son texnologiya alqoritmi sayılan süni intellekt ilə birləşdirərək sərgi təşkil etməyi qərara alıblar. Nyu-York şəhərində təşkil ediləcək sərgini izləyənlər Azərbaycanın mədəni irsi ilə bir daha yaxından tanış olacaq.
Sərgi yanvarın 27-də açılacaq və Mayamidə yerləşən rəqəmsal incəsənət şirkəti “Blackdove”ın rəsmi “İnstagram” hesabından canlı yayımlanacaq. Tanınmış kolleksiyaçıların dəvət aldıqları sərgidə 9 sənət əsəri nümayiş olunacaq.
Qeyd edək ki, istedadlı gənclər Məhsəti Gəncəvi və Nizami Gəncəvi kimi dahi şəxsiyyətlərin yaşayıb-yaratdıqları Gəncə şəhərində doğulub, böyüyüblər. Dünyanın ən reytinqli universitetlərini bitirən və qabaqcıl şirkətlərin süni intellekt ilə reklam olunmasında yaxından iştirak edən Lara Binnetin babası Məhmət Mustafayev əslən Goranboy rayonunun Quşçular kəndindən, nənəsi isə Şamaxının Salamzadə nəslindəndir. Onun Azərbaycanın qədim mədəni irsinə, azərbaycançılıq məfkurəsinə olan sevgisi, bağlılığı da elə öz böyüklərinin əslən bu torpaqdan olmasıdır.
Süni intellekt üzrə yüksək biliklərə sahib olan Orxan Məmmədov 2019-cu ildə İtaliyada, 58-ci Venesiya Biennalesində Azərbaycan pavilyonunu təmsil edib. O, süni intellekt alqoritmindən istifadə etməklə, muzeylərimizdə olan ənənəvi Azərbaycan xalça və kilimlərinin on minlərlə təsvirini emal edərək oxşarlıqlarına əsaslanan yeni hüdudsuz kombinasiyalar yaratmağa müvəffəq olub. İndiyədək 150 mindən çox xalça kompozisiyası və eskiz toplayaraq süni intellekt vasitəsilə birləşdirib və “Estetikanın dirçəlişi” sərgisində bu günə qədər mövcud olmayan xəyali kilimlər yaradıb və dünyaya nümayiş etdirib.