6 mindən çox eksponat toplanıb

 

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Bakı şəhərində yaradılacaq Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi fondunun təşkili üçün lazımi materialların toplanılması davam etdirilir.

Ötən ilin yanvar ayından başlayaraq muzeyin fondu üçün 6 mindən çox eksponat toplanıb. Vətən müharibəsi şəhidlərinə və müharibə iştirakçılarına məxsus şəxsi əşyalar, sənədlər, o cümlədən işğaldan azad edilən ərazilərə aid olan maddi mədəniyyət nümunələri, xəritələr, gerblər və digər əşyalar həm vətəndaşlar, həm də dövlət qurumları tərəfindən Azərbaycan İstiqlal Muzeyinə təhvil verilir.

Xatırladaq ki, Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə ölkə başçısı tərəfindən 2020-ci il 3 dekabr tarixində Bakı şəhərində Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin yaradılması haqqında sərəncam imzalanıb. Sərəncamda Mədəniyyət Nazirliyinə Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə memorial kompleksin və muzeyin yeri və layihələndirilməsi ilə bağlı təkliflərini hazırlayıb Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.