2022-ci ilin nəşrləri

 

Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanaların fondu üçün nazirliyin sifarişi ilə çap olunacaq və satın alınacaq nəşrlərə dair meyarların müəyyənləşdirilməsi, müvafiq sahə üzrə şəffaf və effektiv iş mexanizminin təmin edilməsi məqsədilə 1 aprel 2021-ci il tarixində Nəşr planının tərtibi və nəşriyyat məhsullarının satınalınması üzrə Komissiya yaradılıb. Komissiya mədəniyyət, elm, ədəbiyyat, təhsil və digər aidiyyəti sahələr üzrə mütəxəssislərdən ibarət tərkibdə təşkil olunub.

Mədəniyyət Nazirliyinə 2021-ci il ərzində təqdim edilən 43 adda nəşr layihəsi komissiyanın üzvləri tərəfindən baxılaraq qiymətləndirilib. Komissiyanın qərarına əsasən, 29 adda kitabın nəşr planına daxil edilməsi məqsədəuyğun sayılıb. Onların arasında “Şuşanın kitab abidəsi”, “Nizami və müasirləri”, “Nizami və dünya ədəbiyyatı”, “Nizami obrazları xalçalarda”, “Əbdürrəhimbəy Haqverdiyev – 150”, “Azərbaycan dilinin frazeologiya lüğəti” (2 cilddə) və s. nəşr layihələri var. Nəşr planına daxil edilən kitabların cari il ərzində nəşri başa çatdırılacaq.

Eyni zamanda 21 iyun 2021-ci il tarixində kütləvi informasiya vasitələrində “Nəşrlərin satınalınması müsabiqəsi” haqqında elanlar yerləşdirilib, müsabiqə üçün nəşr məhsullarının qəbulu 22 iyul 2021-ci il tarixinədək davam edib. Müəlliflər və müəlliflik hüququ sahibləri tərəfindən müsabiqəyə təqdim olunan kitablar komissiya tərəfindən qiymətləndirilib. Kitabxana fondlarının oxucuların tələbatına uyğun komplektləşdirilməsi məqsədilə, komissiyanın seçiminə əsasən, Mədəniyyət Nazirliyi müsabiqəyə təqdim olunan nəşrlər arasından 233 adda kitabdan 14 755 nüsxənin satınalınmasını 2021-ci ilin son rübündə həyata keçirib. Kitablar Respublika Kitabxana Kollektoruna təhvil verilib, cari ildə bölgüsü başa çatdırılacaq.

Nəşr planının tərtibi və nəşriyyat məhsullarının satınalınması üzrə Komissiyanın fəaliyyətinə dair meyarlara əsasən, komissiya ötən il üçün işini yekunlaşdırıb və tərkibi dekabr ayında buraxılıb. Komissiyanın yeni tərkibi yaxın günlərdə təsdiq olunacaq və qaydalara əsasən, şəffaflığın qorunması məqsədilə yeni tərkib haqqında məlumat cari ilin sonuna qədər konfidensial saxlanacaq.

Komissiyanın ötən ildə tərkibi və Mədəniyyət Nazirliyinin 2022-ci il üçün nəşr planı ilə nazirliyin saytında bu barədə yayılan xəbərdə müvafiq linklərdə tanış olmaq olar.

Komissiyanın 2021-ci ildəki tərkibi

http://mct.gov.az/medias/media/other/769/terkib.docx

Nəşr planı

http://mct.gov.az/medias/media/other/768/neshr-plani.xlsx