Yanvarın 26-da Misir Ərəb Respublikasının Qahirə şəhərində 53-cü Beynəlxalq Kitab Sərgisinin açılışı olub. Sərgidə ölkəmiz də təmsil olunur.
Açılış mərasimində Misir Ərəb Respublikasının Baş naziri Mustafa Mədbuli iştirak edib. O, çıxış edərək sərginin işinə uğurlar arzulayıb.
Tədbirdə Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli, şöbənin məsləhətçisi Kamran Musayev, habelə Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyinin nümayəndələri Nicat Nemətov və Ramiz Vəliyev iştirak ediblər.
Sərgidə qurulan Azərbaycan stendində ölkəmizlə bağlı müxtəlif mövzuda kitablar, tarix və mədəniyyətimizi, ədəbiyyat və incəsənətimizi tanıdan nəşrlər yer alıb.
Səfər çərçivəsində Mədəniyyət Nazirliyinin nümayəndələri Akif Marifli və Kamran Musayev Misir-Azərbaycan Dostluq Cəmiyyətini ziyarət edib. Cəmiyyətin sədri Seymur Nəsirov fəaliyyətləri, o cümlədən Azərbaycan mədəni irsinin təbliği və tanıdılması istiqamətində gördükləri işlərdən bəhs edib.
51 ölkənin təmsil olunduğu 53-cü Qahirə Beynəlxalq Kitab Sərgisi 13 gün davam edəcək və fevralın 7-də başa çatacaq.