Sankt-Peterburqda Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş sərgi açılıb, Üzeyir Hacıbəylinin abidəsinin təməl daşı qoyulub


Rusiyanın Sankt-Peterburq şəhəri son günlər Azərbaycan mədəniyyəti və incəsənəti ilə bağlı əlamətdar tədbir və təqdimatlara ev sahibliyi edir. Ötən həftə Mariinski Teatrının yeni səhnəsində böyük bəstəkar Fikrət Əmirovun 100 illiyi münasibətilə “Min bir gecə” baletinin nümayişləri gerçəkləşmişdi.

Yanvarın 26-da Sankt-Peterburqdakı Mərmər sarayda Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Yeddi gözəl” sərgisi açılıb.

Sərginin ekspozisiyası bir neçə tarixi dövrü birləşdirən xalça, zərgərlik, bədii metal, miniatür və teatr-dekorasiya sənətinin, həmçinin klassik musiqi və rəqsin, müasir incəsənətin və deklamasiya layihəsinin sintezindən ibarətdir.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov sərginin açılışında çıxış edərək bildirib ki, mədəni əlaqələr xalqların yaxınlaşmasında ən qısa yoldur. “Bizim ölkələri çoxəsrlik dostluq, qardaşlıq, mehriban qonşuluq ənənələri birləşdirir. Biz bu qarşılıqlı münasibətləri ildən-ilə möhkəmləndirməyə çalışırıq. Dövlətlərimizin başçıları nümunəvi qarşılıqlı münasibətləri ilə humanitar sahə də daxil olmaqla bütün istiqamətlərdə əməkdaşlığın gücləndirilməsinə töhfə verirlər”, – deyə o vurğulayıb.

Prezidentin köməkçisi xatırladıb ki, Heydər Əliyev Fondunun ilk nümayəndəliklərindən biri məhz Rusiyada yaradılmışdı: “Fond təhsil, səhiyyə, ekologiya sahələri də daxil olmaqla bir çox layihələr həyata keçirib. Lakin bu layihələrin böyük hissəsini mədəniyyət sahəsindəki layihələr təşkil edir”.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxışında möhtəşəm sərginin təşkilinə görə Heydər Əliyev Fonduna, habelə Rus Muzeyinin və Azərbaycan Milli Xalça Muzeyinin rəhbərliyinə təşəkkürünü bildirib.

Rus Muzeyinin baş direktorunun müavini vəzifəsini icra edən Qriqori Qoldovski deyib ki, sərgidə tətbiqi incəsənət əsərləri, videoinstalyasiyalar, nadir miniatürlər, toy bəzəkləri və başqa eksponatlar təqdim edilir. Bu sərgi Nizami Gəncəvi dövründən və onun yaradıcılığının xüsusiyyətlərindən xəbər verən Şərq mədəniyyətinin orijinal rəngarəngliyini göstərir.

Nizami poeziyası əsrlər boyu bir çox sənətkarların yaradıcılığına təsir edib. Klassik nümunəyə çevrilən diqqətəlayiq əsərlərdən biri də görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baletidir. Balet Nizami “Xəmsə”sinin eyniadlı poeması əsasında yazılıb. Bu il baletin ilk tamaşasının 70 ili tamam olur.

Bu iki – ədəbi və musiqi-xoreoqrafik mənbə əsasında sərginin ekspozisiyasında dekorativ-tətbiqi incəsənətin qiymətli eksponatlarının nümayişi üçün xüsusi mühit yaradılıb. Azərbaycanlı konseptualist-rəssam Rəşad Ələkbərovun “kölgələrdən rəsmlər” metodu ilə XVI əsrə aid Təbriz miniatürü əsasında yaratdığı “Kitab oxuyan gənc” adlı miniatür instalyasiyası bu mühitə giriş kimi xidmət edir.

Layihənin konsepsiyası vizual və səsli obrazların vahid qavrayışını nəzərdə tutur. Videoinstalyasiyalar sayəsində tamaşaçının gözləri qarşısında cərəyan edən hadisələrdə şəxsən iştirak etməsi effekti yaranır. Məsələn, qədim əlyazma kitabların təsvir edildiyi videoinstalyasiyalarda miniatürlərin personajları sanki canlanır, tamaşaçını öz sehrli dünyalarına dəvət edir. Tamaşaçı bu canlanmış kitabı vərəqlədikcə, dəbdəbəli saray binaları arasında gəzişdikcə balet məkanına düşür: Kainatın ucsuz-bucaqsız məkanlarından peyda olan rəqqasə-balerinalar onu əhatə edir.

Heydər Əliyev Fondu və İCOM-un Azərbaycan Milli Komitəsi tərəfindən təşkil edilmiş “Nizami: dildən-dilə” beynəlxalq onlayn-deklamasiya layihəsinin videoçarxı sərginin interaktiv davamıdır. Bu hissədə Azərbaycan, Rusiya, Özbəkistan, Qazaxıstan və Qırğızıstanı təmsil edən 150-dən çox məşhur incəsənət və mədəniyyət xadimi Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından fraqmentləri estafet prinsipi ilə deklamasiya edirlər.

Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin və Azərbaycan Milli Xalça Muzeyinin dəstəyi ilə təşkil edilmiş “Yeddi gözəl” sərgisinin ekspozisiyasına Heydər Əliyev Fondunun, Azərbaycan Milli Xalça Muzeyinin və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin eksponatları daxildir.

Sərgi mayın 9-na qədər davam edəcək.

Sankt-Peterburqda, həmçinin dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin abidəsinin təməl daşının qoyulması mərasimi keçirilib.

Abidə şəhərdəki Bəstəkarlar küçəsində Üzeyir Hacıbəylinin adını daşıyan bağçada Heydər Əliyev Fondunun və Sankt-Peterburq Hökumətinin dəstəyi ilə qoyulacaq.

Təməl daşının qoyulması mərasimində Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, səfir Polad Bülbüloğlu, Sankt-Peterburqun vitse-qubernatoru Anatoli Poveliy, şəhər Qanunverici Məclisi sədrinin müavini Marina Şişkina, Vıborq rayonu administrasiyası başçısının müavini Arina Artyomova, Sankt-Peterburqdakı Azərbaycan diasporunun sədri Vaqif Məmişov və digər fəxri qonaqlar iştirak ediblər.

Təbrik sözlərindən sonra mərasim iştirakçıları təməl daşının önünə tər çiçəklər qoyublar.

Qeyd edək ki, Üzeyir Hacıbəylinin abidəsinin müəllifi heykəltəraş, Rusiya Rəssamlıq Akademiyasının akademiki Aydın Zeynalov olacaq.