Dahi Üzeyir Hacıbəylinin Dünyanın bir çox şəhərlərində tamaşaya qoyulmuş, həmçinin iki dəfə (1945, 1965) böyük uğurla ekranlaşdırılmış "Arşın mal alan" operettasının fevralın 6-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında növbəti nümayişi olacaq.

Operettada əsas rollarda Əməkdar artist Ramil Qasımov (Əsgər), Xalq artisti Gülyaz Məmmədova (Telli), Əməkdar artistlər Cahangir Qurbanov (Soltan bəy), Gülüstan Əliyeva (Cahan xala), Tural Ağasiyev (Süleyman), Səbinə Vahabzadə (Asya), Sadiq Məlikov (Vəli) və ilk dəfə Gülçöhrə obrazında Fatimə Cəfərzadə iştirak edəcəklər.

Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

Baş rolun ifaçısı Ramil Qasımov tamaşa ilə bağlı danışarkən qeyd edib ki, solisti olduğum teatr Üzeyir Hacıbəyli irsini daim diqqətdə saxlayır: “Dahi bəstəkarımızın ölməz sənət əsəri “Arşın mal alan” operettasının teatrımızın repertuarının bəzəyi olması bunun bariz nümunəsidir. Şöhrətinə, möhtəşəmliyinə, maraqlı məzmununa və ən əsası, sağlam gülüş bəxş etməsinə görə seçilən “Arşın mal alan” daim böyük uğur qazanıb və tamaşaçılar tərəfindən bəyənilib. İnanıram ki, sənət yoldaşlarımla birgə uğurlu və qüsursuz çıxışlarımızla yenidən sevimli tamaşaçılarımıza böyük zövq yaşadacağıq...”.