Xəbər verdiyimiz kimi, mədəniyyət naziri Anar Kərimovun əmri ilə Vüsal Mehrəliyev Mingəçevir Dövlət Dram Teatrına baş rejissor vəzifəsinə təyin olunub.

Bununla bağlı nazirliyin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova, şöbənin Teatr sektorunun müdiri Könül Əlizadə teatrın kollektivi ilə görüşərək, Vüsal Mehrəliyevi yaradıcı heyətə təqdim ediblər.

Görüş zamanı F.Acalova Mədəniyyət Nazirliyinin bölgələrdə yerləşən teatrların hərtərəfli inkişafına diqqət yetirməklə yanaşı, onların peşəkar kadrlarla təmin olunmasına da böyük önəm verdiyini vurğulayıb.

Baş rejissor təyin edilən Vüsal Mehrəliyev ona göstərilən etimada görə Mədəniyyət Nazirliyinə təşəkkür edərək, teatra yeni nəfəs vermək üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.