AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda ötən ilin iyulunda keçirilmiş “XXI əsrdə Yunus Əmrəni anlamaq” mövzusunda beynəlxalq simpoziumun materialları çap olunub.

İnstitutdan bildirilib ki, Yunus Əmrənin vəfatının 700-cü ildönümündə UNESCO tərəfindən elan edilmiş “Yunus Əmrə İli” münasibətilə keçirilmiş simpozium AMEA-nın Şərqşünaslıq İnstitutu və Türkiyənin Mehmet Akif Ərsoy Vəqfinin təşkilatçılığı ilə gerçəkləşib.

Topluda ümumilikdə simpoziumda dinlənilmiş 41 məruzənin tam mətni yer alıb. Nəşrdə ölkəmizdən akademik İsa Həbibbəylinin “Yunus Əmrə zirvəsi”, akademik Gövhər Baxşəliyevanın “Əsrlərdən günümüzə səslənən Yunus Əmrə”, filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyevanın “Yunus və Nəsiminin “müştərək” şeirləri” və digər məqalələr verilib. Türkiyə alimlərindən isə Mustafa Tatcının “Yunus Əmrəyə müqəddimə”, Leyla İpekcinin “Yunusca yaşamaq, sevmək və yaratmaq”, Nurullah Çetinin “Yunus Əmrədə birlik fikri” və s. müəlliflərin məqalələri çap olunub.