Məktəblilər arasında “Azərbaycan filmlərində milli adət və ənənələrimiz” mövzusunda bilik yarışı keçirilib.

Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsi çərçivəsində təşkil olunan yarışda Bakı şəhər 114 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər. Tədbirin əsas məqsədi şagirdlərə milli, tarixi ənənələrimizi öyrətməklə yanaşı, onlara Azərbaycan kinematoqrafiyasını tanıtdırmaqdan ibarətdir.

3 turdan ibarət yarışda şagirdlərə Azərbaycan filmlərindən suallar təqdim edilib, filmlərdən bəzi fraqmentlər nümayiş olunub. Daha sonra məktəblilər məşhur Azərbaycan filmlərinin ən yaddaqalan səhnələrindən epizodlar canlandırıblar.

Altı komandanın iştirak etdiyi yarışda 1-ci yeri “Əhməd haradadır?”, 2-ci yeri “Qaraca qız”, 3-cü yeri isə “Qayınana” komandası tutub. Qalib komandalara sertifikatlar təqdim olunub.