Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndə heyəti yanvarın 25-dən 28-dək Ankarada səfərdə olub. Səfər zamanı Türkiyənin dövlət qurumlarında, təşkilatlarda bir sıra görüşlər keçirilib.

Yanvarın 28-də Ankarada Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Türkiyə Cümhuriyyəti Daxili İşlər Nazirliyi arasında “Birgə fəaliyyət və əməkdaşlıq haqqında” anlaşma memorandumu imzalanıb.

Sənədi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva və Türkiyə DİN tərəfdən Vətəndaş cəmiyyəti ilə əlaqələr üzrə baş idarənin rəisi Erkan Kılıç imzalayıblar.

Agentlikdən verilən məlumata görə, anlaşma memorandumunun məqsədi Azərbaycan və Türkiyənin vətəndaş cəmiyyəti institutları arasında dialoqun, əməkdaşlığın və birgə fəaliyyətin genişləndirilməsinə, sosial əhəmiyyətli müştərək layihələrin və proqramların reallaşdırılmasına zəmin yaratmaqdır.