Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi bəstəkar Ü.Hacıbəylinin “Leyli və Məcnun” muğam operasının motivləri əsasında librettosu və quruluşu rejissor Samir Qulamova aid olan eyniadlı tamaşanın məşqlərinə başlanılıb. Tamaşanın ideya müəllifi və bədii rəhbəri Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir.

Səhnə əsərinin quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Emin Əliyev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, muğam ifası üzrə məsləhətçisi Xalq artisti Səkinə İsmayılova, solo tar ifaçıları Əməkdar artist Elxan Mansurov, Səxavət Məmmədov, konsertmeysteri Nərminə Əbdürəhmanova, rejissor assistentləri Əmrah Dadaşov və Sevinc Məmmədovadır.

Leyli obrazını VII Muğam Televiziya müsabiqəsinin qalibi İlahə Rüstəmova, Məcnun obrazını isə respublika və beynəlxalq muğam müsabiqələrinin laureatı Orxan Hüseynli canlandıracaq.

Tamaşada Əməkdar artistlər Nadir Xasiyev, Fərid Əliyev, aktyorlar Əmrah Dadaşov, Səmədzadə Xasiyev, Bacıxanım Sadıqova, İbrahim Əlizadə, Emin Zeynallı, balet artisti İranə Kərimova, eləcə də teatrın xor və balet heyəti iştirak edəcək.

Əsərin ilk stolarxası oxunuş məşqində layihənin bədii rəhbəri Əliqismət Lalayev tamaşa haqqında fikirlərini yaradıcı heyətlə bölüşüb: “Çox məsuliyyətli bir layihəyə başlayırıq. Fəlsəfi fikir kontekstində bəşəri problemlərin ön plana çəkilməsi və bunun muğam dili ilə tamaşaçılara çatdırılması elə də asan iş deyil. Orijinallığı qorumaqla yeniliklər yaratmaq isə güclü fantaziya, cəsarət, hünər tələb edir. Ümidvaram ki, bir çox ilklərə imza atan Akademik Musiqili Teatr bu dəfə də tamaşaçılarını yaxşı mənada təəccübləndirməyi və sevindirməyi bacaracaq...”.