Yanvarın 31-də Azərbaycan Xalq Cümhuriyyətinin banisi, ictimai-siyasi xadim, yazıçı-publisist Məhəmməd Əmin Rəsulzadənin (1884–1955) anadan olmasının 138-ci ildönümü tamam oldu.

Rəsulzadə Cümhuriyyətin süqutundan sonra Avropada, Türkiyədə Azərbaycan mühacirətinə rəhbərlik edib, jurnal və qəzetlər nəşr etdirib. “Çağdaş Azərbaycan ədəbiyyatı”, “Çağdaş Azərbaycan tarixi”, “Azərbaycan şairi Nizami” kimi dəyərli əsərlər yazıb. 1949-cu ildə onun rəhbərliyi ilə Türkiyədə Azərbaycan Kültür Dərnəyi  təsis edilib. Rəsulzadə ömrünün sonunadək Azərbaycanın istiqlal davasını davam etdirib. 1955-ci ilin 6 martında vəfat edən Rəsulzadə Ankarada, Əsri məzarlığında dəfn olunub.

2014-cü ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illiyi dövlət səviyyəsində qeyd edilib. Həmçinin Azərbaycan dövlətinin dəstəyi ilə Rəsulzadənin məzarının ətrafı abadlaşdırılıb.

Məhəmməd Əmin Rəsulzadə anadan olmasının 138-ci ildönümündə məzarı başında anılıb.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və səfirliyin əməkdaşları Əsri məzarlığına gələrək Rəsulzadənin qəbrini ziyarət ediblər. Məzar önünə əklil qoyulub. 104 il öncə müsəlman Şərqində ilk respublikanın – Azərbaycan Cümhuriyyətinin qurulmasında tarixi xidmətləri olmuş dövlət xadiminin xatirəsi ehtiramla yad edilib.

Mehparə Sultanova
Ankara