Azərbaycanda Türkiyənin ən böyük texnologiya festivalı olan “Teknofest” əsasında “Teknofest Azərbaycan” festivalı təşkil olunacaq.

Təhsil İnstitutundan bildirilib ki, 26-29 may tarixində reallaşacaq festival çərçivəsində müxtəlif kateqoriyalar üzrə gənclər arasında müsabiqələrin keçirilməsi planlaşdırılıb.

“Teknofest Azərbaycan” çərçivəsində “Baku Skills” kateqoriyası üzrə müsabiqə Təhsil Nazirliyi və Təhsil İnstitutunun dəstəyi ilə “STEAM Azərbaycan” layihəsi tərəfindən təşkil olunacaq.

“Baku Skills” müsabiqəsi iştirakçıların 3D çap texnologiyasında istifadə bacarıqlarının təkmilləşdirilməsini hədəfləyir. Yarışmada 3D modelləşdirmə və çap sahəsində marağı və biliyi olan bütün tələbələr iştirak edə bilərlər. “Baku Skills” (3D modelləşmə, 3D çap) kateqoriyası üzrə yarışmada iştirak hüququ qazanmış komandalar üçün lazımi avadanlıq və ləvazimat təchizatı Təhsil Nazirliyi tərəfindən həyata keçiriləcək.

Müsabiqə ilə bağlı əlavə məlumatı institutun Təhsildə innovasiyalar şöbəsinin elektron poçt ünvanı (innovations@arti.edu.az) vasitəsilə öyrənmək mümkündür. Həmçinin steam.edu.az saytı vasitəsilə informasiya sessiyası keçiriləcək.

1, 2 və 3-cü yerlərin sahibi olacaq komandalar və onların rəhbərləri üçün pul mükafatları nəzərdə tutulub.