Azərbaycan Aşıqlar Birliyinin 2022-ci ildə ilk nəşri – “Aşıq divaniləri və müxəmməsləri” adlı antologiya işıq üzü görüb.
Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, filologiya elmləri doktoru, professor Mahmud Allahmanlı və filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədlinin tərtib etdikləri antologiya XVI əsrdən bu yana aşıqlarımızın yaratdıqları divani və müxəmməs şeir çeşidlərinin ən seçkin örnəklərini əhatə edir. Nəşrdə aşıq məclisinin açılışını, ilkin xeyir-duasını ortaya qoyan divanilərin, eləcə də qapanışını xoş bir ovqatla tamamlayan müxəmməslər tarixi-xronoloji ardıcıllıqla təqdim olunur.
Antologiyada yüzdən çox sənətkarın divani və müxəmməsləri yer alıb. Ustad məclislərində, el yığıncaqlarında dillər əzbərinə çevrilən bu nümunələr yüz illər boyu ulularımızın könül həmdəmi kimi onlara sənət yoldaşlığı edib. Toplu saz-söz ustadlarının bağrının başından qopan bu dərin poetik irsi gələcək nəsillərə çatdırmaq məqsədilə hazırlanıb.