Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kulturologiya fakültəsinin Muzeyşünaslıq kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elfira Məlikovanın “Azərbaycan muzeyşünaslığı” adlı ikicildlik monoqrafiyası nəşr edilib. Kitab ADMİU-da muzeyşünaslıq ixtisasının yaradılmasının 30 illiyinə həsr edilib.

Monoqrafiyada dünya elmləri ilə inteqrasiyada olan muzeyşünaslıq elmi haqqında geniş məlumat verilir, Azərbaycanda muzey işinin tarixi arxiv sənədləri və faktlar əsasında təhlil edilir.

Monoqrafiyada ilk dəfə Azərbaycanda muzeylərin institutlaşdırılması və elmi-tədqiqat müəssisəsinə çevrilməsinin tarixi səbəbləri müəyyənləşdirilib. Bundan başqa, muzey və təhsil müəssisələrində yazılaraq təqdim edilən elmi əsərlər, o cümlədən tədqiqat işləri müqayisəli təhlil edilir. Müxtəlif ölkələrdə və Azərbaycanda muzeyşünaslığın bir elm kimi formalaşmasında əməyi olan alimlərin əsərlərinə xüsusi yer verilir.

Tədqiqat əsərindən muzey işçiləri, muzey işi üzrə mütəxəssislər, sənətşünaslar, tarixçilər, eləcə də muzeyşünaslıq üzrə təhsil alan bakalavrlar, magistrantlar, doktorantlar istifadə edə bilərlər.