Fevralın 1-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin M.Ə.Sabir adına Mədəniyyət evi Sabunçu rayon Gənclər və İdman İdarəsi ilə birgə Gənclər Gününə həsr olunmuş tədbir təşkil edib.

Baş idarədən bildirilib ki, “Gənclərlə irəli” adlı tədbirdə M.Ə.Sabir adına Mədəniyyət evi Xalq teatrının üzvləri “Ulduz” filmindən səhnəcik göstəriblər. Mədəniyyət evində fəaliyyət göstərən “Dərya” rəqs ansamblının çıxışı da tədbirə rəng qatıb.

Gənc rəssamların əl işləri nümayiş olunub, tar və kamançanın müşayiəti ilə Şəbnur Allahverdilinin ifasında “Dağlarda duman gözəldir” xalq mahnısı səsləndirilib.

Rayonun icra başçısının müavini Rəna Fərəcova və Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev çıxış edərək tədbir iştirakçılarını Gənclər Gününün 25 illiyi münasibətilə təbrik ediblər.

***

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin İbrahim Əbilov adına Mədəniyyət Mərkəzi əlamətdar gün münasibətilə “Gənclər sabahımızdır” adlı tədbir keçirib. Mədəniyyət Mərkəzinin bədii rəhbəri Məhərrəm Nəcəfzadə tədbirə qatılan gəncləri təbrik edib.

Mərkəzin “Oğuzlar”, “Ailə” folklor ansamblları üzvlərinin və “Şəlalə” xalq çalğı alətləri ansamblı solistlərinin ifasında muğam və bəstəkar musiqiləri səsləndirilib.

***

2 fevral – Gənclər Günü münasibətilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 28 nömrəli Uşaq musiqi məktəbində də konsert proqramı təqdim edilib.

Baş idarədən bildirilib ki, konsertdə məktəbin skripka ixtisası üzrə təhsil alan şagirdləri iştirak ediblər. Proqramda Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri ifa olunub.