“Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində sərgi
2 fevral Azərbaycanda Gənclər Günüdür. 1996-cı il fevralın 2-də Bakı şəhərində Azərbaycan gənclərinin birinci forumu keçirilib. Prezident Heydər Əliyev həmin əlamətdar hadisəni və dövlət quruculuğu sahəsində gənclərin müstəsna rolunu nəzərə alaraq bu tarixin Gənclər Günü elan edilməsi barədə sərəncam (1 fevral 1997-ci il) imzalayıb.
Fevralın 1-də Heydər Əliyev Sarayında “Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində Gənclər Gününə həsr olunmuş “AXIN” adlı sərginin açılışı keçirildi. Sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Heydər Əliyev Sarayının birgə təşkilatçılığı ilə reallaşır.
Heydər Əliyev Sarayının direktoru, Əməkdar artist Ramil Qasımov çıxış edərək qonaqları salamladı. Bildirdi ki, dövlətimizin prioritet istiqamətlərindən biri də gənclər siyasətidir: “Müasir Azərbaycan gənci müstəqil düşüncəli gəncdir. Dövlətimizin yaradıcı gənclərə diqqəti, onların xaricdə təhsili, eyni zamanda Birinci vitse-prezident Mehriban Əliyevanın gənclərin inkişafı ilə bağlı layihələrə verdiyi dəstək bu gün gəncliyimizə açılan qapılardır”.
Direktor daha sonra bildirdi ki, bu il fəaliyyətə başlamasının 50 illiyini qeyd edən Heydər Əliyev Sarayı mütəmadi olaraq gənclərə həsr olunan layihələr həyata keçirir. Bu sərgi də onlardan biridir: “Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində bir sıra işlər həyata keçirdik. Gənclərin saf düşüncəsi və sənətə məsuliyyətlə yanaşmaları bizi sevindirir. Bir daha gənclərimizi əlamətdar bayram münasibətilə təbrik edir, uğur arzulayıram”.
Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov bildirdi ki, gəncliyimizin ictimai-siyasi həyatda baş verənlərə, bu günə, keçmişə baxışı və bunları sənətdə təzahür formaları çoxbucaqlıdır: “Əsərlərin ideya-bədii mahiyyəti diqqəti cəlb edir. Bugünkü sərgiyə əsərlər xüsusi seçimlə qəbul olunub. Hesab edirəm ki, “AXIN” qrupu üzvləri gələcəkdə daha maraqlı əsərlər ərsəyə gətirəcəklər. Rəssamlara uğurlar arzulayır, sərginin təşkilinə dəstək olan Mədəniyyət Nazirliyi və Heydər Əliyev Sarayına minnətdarlığımı bildirirəm”.
Sənətşünas, professor Ziyadxan Əliyev sərginin əhəmiyyətini yüksək qiymətləndirdi. O, gənc rəssamların mövzu dairəsinin genişlənməsinin vacibliyini vurğuladı. “Hər bir rəssam öz dövrünün aynası olmalıdır. Bu gün şahidi olduğunuz böyük Qələbəmizi çəkin və gələcəyə ötürün”, – deyə sənətşünas bildirdi.
Qeyd edək ki, “AXIN” sərgisi gənclərin cəmiyyətdəki fəallığının təmin edilməsi, istedad və bacarıqlarının üzə çıxarılması, mədəni tədbir və layihələrdə iştiraklarının dəstəklənməsi, bədii-estetik zövqünün formalaşdırılması məqsədilə keçirilir.
Sərginin ekspozisiyasında 40-a yaxın gənc rəssamın əsərləri sərgilənir.
Lalə Azəri