Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev fevralın 1-də “2022-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, elm və təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən 10 nəfər gənc Prezident mükafatına layiq görülüb.

Mükafatçılar sırasında yaradıcı gənclər – violonçel ifaçısı Orxan Hüseynov və kinorejissor Azər Quliyev də var.

Orxan İsa oğlu Hüseynov 1999-cu ildə Bakı şəhərində anadan olub. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında ifaçılıq fakültəsində bakalavr (sabah qrupları) təhsili alıb. Hazırda BMA-da eyni istiqamət üzrə magistr təhsilini davam etdirir.

Təhsil müddətində Leonid Kerbel, Jerome Pernoo, Vladimir Perlin, Christian Poltera, Alen Meunier, Alexandr Chidchavadze, Yuko Miyaqawa, Aleksei Seleznyov, Petr Prause, Klaudio Marini, Pierluigi Rugierre kimi məşhur ifaçılardan ustad dərsləri alıb. Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti, maestro R.Abdullayev, F.İbrahimov, F.Kərimov, T.Göycayevin rəhbərliyi altında konsertlərdə solo çıxışlar edib, Paris, Berlin, Moskva, Tbilisi və s. şəhərlərdə konsertlərdə Azərbaycanı təmsil edib.

Gənc violonçel ifaçısı 2020-ci ildən BMA-nın “Baku Chamber Orchestra” gənclər kamera orkestrinin, 2021-ci ildən “cadeNZa” orkestrinin artistidir. 2016-ci ildə Prezident təqaüdünə layiq görülüb, adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb. 2018-ci ildə Gənclər və İdman Nazirliyinin təsis etdiyi “Gənclər mükafatı”nın laureatı olub.

***

Azər Alik oğlu Quliyev 1997-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kino tənqidi üzrə bakalavr və magistr (fərqlənmə diplomu)  təhsili alıb.

Rejissorun “Pa-Pa” adlı ilk filmi Qazaxıstanda Avrasiya Beynəlxalq Film Festivalında, Gürcüstanın Batumi şəhərində keçirilən Beynəlxalq Art-House Film Festivalının əsas müsabiqə proqramında nümayiş olunub.

2021-ci ildə gənc rejissorun “Təngnəfəs” filmi Avropanın nüfuzlu kinoforumlarından sayılan Sarayevo Film Festivalının əsas müsabiqə proqramında dünya premyerasını edib. Film Bişkek şəhərində MDB ölkələrinin “Ümid” kinoforumuna, Minsk şəhərində keçirilən “Listopad” film festivalına, “Moskva premyerası” adlı MDB ölkələri arasında keçirilən film festivalına da dəvət alıb və maraqla qarşılanıb.

Azər Quliyev 2021-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən keçirilən “Böyük qayıdış” adlı pitçinq layihəsinə “Mozalan” studiyası adından “İkinci planetin qırmızı rəngi” adlı layihə ilə qatılıb və qaliblər sırasında yer alıb.

Xatırladaq ki, Gənclər üçün Prezident mükafatı ölkə başçısının 2 iyul 2013-cü il tarixli fərmanı ilə təsis edilib. Fərmana əsasən, Azərbaycan gənclərinin elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində nailiyyətlərini təşviq etmək məqsədi daşıyan mükafatın məbləği 10 min manatdır.