Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qaradağ rayon Heydər Əliyev Mərkəzində 2 fevral – Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə toplantı keçirilib.

Baş İdarədən bildirilib ki, toplantıda rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputatı Səbinə Xasayeva, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov  çıxış ediblər.

Rayon Gənclər və İdman idarəsinin rəisi Elçin Abbasov “Gənclər həftəsi” çərçivəsində təşkil olunmuş tədbirlər barədə qısa məlumat verib. Fəal gənclər fəxri fərmanlarla təltif edilib.

Mərkəzin foyesində rayon gənclərinin çəkdikləri rəsm əsərlərinə və gənclərin nailiyyətlərinin əks etdirən guşəyə baxış keçirilib.

***

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Abbas Mirzə Şərifzadə adına Mədəniyyət Mərkəzində də Gəncləri Günü münasibətilə tədbir keçirilib. Mərkəzin direktoru Zivər Əhmədova açaraq gəncləri bayram münasibətilə təbrik edib.

Mədəniyyət mərkəzinin əməkdaşları və musiqiçi qonaqları konsert proqramı ilə çıxış ediblər. “Şəms” rəqs kollektivi, ifaçılardan Səidə Orucova, Ayxan Bünyadzadə, Elcan Tağıyev, Fərid Babayev musiqi nömrələrini, bədii qiraət ustaları Rəisə Sadıqova və Səidə Orucova isə vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

***

Paytaxtın Yasamal rayonundakı Heydər Əliyev Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbə gənclər təşkilatı üzvlərinin iştirakı ilə tədbir təşkil edilib.

Mərkəzin böyük elmi işçisi Arifə Mustafayeva, ADMİU tələbə gənclər təşkilatının sədri Əlirza Əlizadə tədbirdə çıxış ediblər. Mərkəzin bələdçisi Mayrux Cavadovanın “Gəncliyimiz gələcəyimizdir” adlı mühazirəsi dinlənilib.

Gənclər Gününə həsr olunmuş film nümayiş olunub.  Sonda bir qrup fəal tələbə mükafatlandırılıb.