Qalib layihələr müəyyən edilib

 

Regionlarda turizm startaplarının dəstəklənməsi, eləcə də regional turizmə investisiyaların cəlb edilməsi məqsədilə həyata keçirilən “Regional İnnovativ Turizm Məhsulu” (RİTM) startap proqramının qalibləri elan olunub.

Bununla bağlı keçirilən onlayn tədbirdə çıxış edən Azərbaycan Turizm Bürosunun  (ATB) baş icraçı direktoru Florian Zenqstşmid layihənin eyni zamanda müxtəlif çeşidli yeni turizm məhsullarının yaranmasına dəstək olacağını bildirib.

Onlayn tədbirə Almaniyanın Azərbaycandakı səfirinin müavini Hayko Şvartz da qatılıb. O, layihənin iqtisadiyyat və turizm üçün vacib məqsədlər daşıdığını qeyd edib.

Proqram Dövlət Turizm Agentliyi (DTA) və ATB-nin təşəbbüsü ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) icra etdiyi “Cənubi Qafqazda özəl sektorun inkişafı və texniki peşə təhsili və təlimi” proqramının dəstəyi ilə həyata keçirilib.

Proqram çərçivəsində 4 regiondan 8 müxtəlif klaster üzrə təqdim olunan 270-dən çox müraciətdən 28 layihə ideyası inkubasiya mərhələsinə seçilərək Quba, Şəki, Gəncə və Lənkəranda keçirilən təlimlərə cəlb edilib. “RİTM” proqramı üzrə finala yüksələn 10 startap layihəsi münsiflər heyəti tərəfindən qiymətləndirilib və ilk üç yer üzrə seçilən qaliblərə bizneslərinin inkişafı məqsədilə müvafiq olaraq 10 min, 5 min və 2 min 500 manat mükafat təqdim olunub.

Proqramın növbəti illərdə də davam etdirilməsi nəzərdə tutulur.