Azərbaycan Dövlət Akademik Musiqili Teatrı İranda keçiriləcək 40-cı “Fəcr” Beynəlxalq Teatr Festivalına dəvət alıb. Yaradıcı heyət festivalda iştirak etmək üçün 9-13 fevral tarixlərində qonşu ölkədə səfərdə olacaq.

Müxtəlif ölkələrinin teatr kollektivlərinin qatıldığı ənənəvi festivalda bir neçə dəfə ölkəmizi təmsil edən Akademik Musiqili Teatrı fevralın 11-də "Bir nəfəs qədər" (S.Qulamovun pyesi əsasında) musiqili dramını, 12-də isə "Utancaq qız" (F.Dostoyevski) monotamaşasını Tehranda nümayiş etdirəcək. Səhnə əsərlərinin hər biri iki dəfə göstəriləcək.

Rejissor Samir Qulamovun müəllifi olduğu pyes əsasında quruluş verdiyi "Bir nəfəs qədər" tamaşası Zəfər salnaməmizi qanları ilə yazan şəhidlərimizin əziz xatirəsinə ithaf olunub. Əsərin süjet xəttində Vətən müharibəsinin könüllü döyüşçülərindən biri olan Vətən adlı bir gəncin həyat hekayəsindən bəhs edilir.

Böyük rus yazıçısı Fyodor Dostoyevskinin "Utancaq qız" fantastik povesti əsasında Xalq artisti Cənnət Səlimovanın quruluşunda hazırlanan eyniadlı monotamaşada Əməkdar artist Şövqi Hüseynov çıxış edir. O, həmçinin əsəri Azərbaycan dilinə tərcümə edib.

Hər iki tamaşanın bədii rəhbəri, Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev səfər öncəsi təəssüratlarını bölüşüb: “Belə bir nüfuzlu beynəlxalq teatr festivalında iştirakımız bizi çox sevindirir. Xüsusi ilə də "Bir nəfəs qədər" tamaşasını seçməyimiz də əbəs yerə deyil. Hər birimizin şahidi olduğumuz şərəfli tariximizi dünyaya bir daha göstərmək istəyirik. Düşünürəm ki, yaradılan bu şərait "Fəcr" Beynəlxalq Teatr Festivalının rəhbərliyi tərəfindən Azərbaycan teatrına göstərilən hörmətdir, ümumilikdə, teatr sənətimizə marağın təzahürüdür. Bundan öncə də həm münsiflər heyətinin üzvü, eyni zamanda, ekspert kimi, həm də rəhbərlik etdiyim teatrın kollektivi ilə birgə “Fəcr” festivallarında iştirak etmişəm. Həmişə də nümayiş etdirdiyimiz layihələr iştirakçılar tərəfindən rəğbətlə qarşılanıb. Belə görüşlər ölkələrarası mədəni əməkdaşlığın inkişafı üçün çox vacibdir...”.