Miniatür kitab muzeyinin yaradıcısı

 

Fevralın 2-də Əməkdar mədəniyyət işçisi, Azərbaycandan çox uzaqlarda da tanınan Miniatür Kitab Muzeyinin yaradıcısı Zərifə Salahovanın 90 yaşı tamam olub.

Bu münasibətlə mədəniyyət naziri Anar Kərimov İçərişəhərdə yerləşən Miniatür Kitab Muzeyində yubilyarla görüşüb.

Yubilyarı təbrik edən nazir ona ən xoş arzularını çatdırıb. Zərifə Salahovanın Azərbaycanın ictimai-mədəni həyatında fəal iştirak etdiyini və bu fəaliyyətin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini vurğulayan Anar Kərimov onu 1 fevral tarixində ölkə Prezidentinin sərəncamı ilə “Şərəf” ordeninə layiq görülməsi münasibətilə də təbrik edib.

Zərifə xanım diqqətə görə nazirə minnətdarlığını bildirib və onu yaratdığı muzeyin kolleksiyası ilə tanış edib.

Sonra Anar Kərimov Mədəniyyət Nazirliyinin “Nizami Gəncəvinin 880 illiyi (1141-2021)” xatirə nişanını Zərifə Salahovaya təqdim edib.

Sonda nazir Zərifə xanımın ailə üzvləri ilə birgə xatirə şəkli çəkdirib.

Qeyd edək ki, Zərifə Salahova uzun illərdən bəri topladığı, eləcə də nəşr etdirdiyi miniatür kitablardan ibarət unikal muzey təşkil edib. 2002-ci ildə əsası qoyulan Miniatür Kitab Muzeyində ümumilikdə dünyanın 83 ölkəsində nəşr edilmiş 8500-dən çox miniatür kitab saxlanılır. Muzey dünyanın ən zəngin miniatür kitab kolleksiyası nominasiyası üzrə “Ginnesin Rekordlar Kitabı”na daxil edilib və müvafiq sertifikatla (“Guinness World Records”) təltif edilib.

Hazırda muzeyin ekspozisiyasında, “Ginnesin Rekordlar Kitabı”nın standartlarına uyğun olaraq, ölçüləri 75x75 mm-ə qədər olan 3500 ədəd miniatür kitab nümayiş etdirilir. Burada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin yer aldığı miniatür kitablar da var. Muzeyin fondu yeni miniatür nəşrlərlə daimi zənginləşdirilir.