Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda “Şuşa İli“ çərçivəsində “Qarabağnamə” filminin və Xalq rəssamı Arif Hüseynovun rəsm əsərlərindən ibarət sərginin təqdimatı olub. Tədbirdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təmsil olunan ölkələrin səfirləri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Fonddan bildirilib ki, filmdə görkəmli qrafika ustası Arif Hüseynovun Qarabağın memarlıq abidələri, tarixi şəxsiyyətləri, eləcə də 2020-ci ilin Vətən müharibəsində Zəfərə aid çəkdiyi əsərlər, eyni zamanda bununla bağlı məlumatlar əksini tapıb.

Fondun prezidenti Günay Əfəndiyeva 2022-ci ilin dövlət başçısı İlham Əliyev tərəfindən “Şuşa İli” elan olunmasının tarixi əhəmiyyətini vurğulayaraq təşkilatın bu ildə ilk tədbirinin də Qarabağa həsr etdiyini deyib. Bildirib ki, Şuşa öz əsrarəngiz təbiəti, gözəlliyi, zəngin mədəniyyəti, milli-mənəvi dəyərləri ilə bu ilə xüsusi rəng qatacaq.

Qarabağ Zəfərini həm Azərbaycanın, həm də Türk dünyasının yeni tarixinin ən parlaq səhifələrindən biri kimi qiymətləndirən Günay Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun “Şuşa İli”nə öz töhfəsini verəcəyini vurğulayıb. Diqqətə çatdırılıb ki, film Xalq rəssamı Arif Hüseynovun Qarabağa həsr olunmuş 45 əsərini əhatə edir: “Əvvəlcə bu əsərlər Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə nəşr olunan “Qarabağnamə – tarixin səhifələri” adlı kitaba daxil edildi. Bundan sonra Arif müəllimin fikirləri də lentə alınaraq film şəklində hazırlandı...”.

“Qarabağnamə” sənədli filminin nümayişindən sonra çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov “Qarabağnamə – tarixin səhifələri” kitab-albomundan sonra belə bir filmin hazırlanmasına görə Günay Əfəndiyevaya təşəkkür edib. Qeyd edib ki, bu nəşr xaricdə yaşayan soydaşlarımız üçün də töhfədir. “Çalışırıq ki, soydaşlarımız  yaşadıqları ölkələrdə Azərbaycan mədəniyyətini təbliğ etsinlər. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu gün dünyada 14 Azərbaycan evi təsis etmişik. Azərbaycan evlərinə artıq bu kitablar çatdırılıb...”.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun həyata keçirdiyi işləri təqdirlə qeyd edərək filmdən çox təsirləndiyini deyib: “Filmdə Qarabağın zənginliyi bizə çox gözəl təqdim olundu. Gələcəkdə torpaqları azad edən qəhrəmanların övladları, nəvələri bu ərazilərin kimə aid olduğunu göstərəcəklər...”.

Əməkdar incəsənət xadimi Aydın Kazımzadə, Əməkdar jurnalist Etibar Babayev, “Qarabağnamə” filminin rejissoru Elnurə Kazımova işğaldan azad olunan Azərbaycan torpaqlarına həsr edilən ekran əsəri barədə fikirlərini bölüşüblər.

Xalq rəssamı Arif Hüseynov tədbirin ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna minnətdarlığını bildirib. O, çəkdiyi rəsm əsərləri ilə Qarabağın tarixini, milli mədəni irsini bütün dünyada tanıtmağa çalışdığını deyib, bu rəsmlərin təqdimatının Qarabağda da keçirilməsini arzuladığını vurğulayıb.

Daha sonra qonaqlar muğam sədaları altında Arif Hüseynovun rəsm sərgisi ilə tanış olublar.