Mərkəzi İncəsənət Məktəbinin konsert proqramı

 

Qara Qarayevin doğum günü ilə bağlı dahi bəstəkarın adını daşıyan Mərkəzi İncəsənət Məktəbi tərəfindən “Əbədi musiqi günəşi” adlı layihə həyata keçirilib.

Layihə çərçivəsində eyniadlı konsert proqramı fevralın 4-də Masallı şəhərində təqdim edilib. Mərkəzi İncəsənət Məktəbinin kollektivi səfər zamanı Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı şəhər onbirillik İncəsənət məktəbi ilə də tanış olub.

Sonra Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində gənc istedadların Qara Qarayevin yaradıcılığına həsr olunmuş rəsm sərgisinə baxış keçirilib.

Mədəniyyət mərkəzində təqdim olunan konsertdən əvvəl böyük bəstəkarın həyat və yaradıcılığından söz açılıb. Şagird və müəllimlərin ifasında bəstəkarın əsərlərindən ibarət rəngarəng proqram təqdim edilib. Mərkəzi İncəsənət Məktəbinin direktoru, Əməkdar artist Əziz Qarayusifli Qara Qarayevin “İnsan məskən salır” filminə yazdığı musiqidən bir parçanı klarnetdə ifa edib.

Fevralın 5-də Mərkəzi İncəsənət Məktəbinin kollektivi Fəxri xiyabanda Qara Qarayevin məzarını ziyarət edib.

Məktəbdə “Əbədi musiqi günəşi” konsert proqramı gerçəkləşib. Musiqi proqramından sonra məktəbin müəllimləri Əli Ağadadaşov və Nigar Şixəliyeva tərəfindən rəsm sərgisi də təqdim edilib.

***

Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi, dünya musiqi mədəniyyəti xəzinəsinə əvəzolunmaz töhfə verən dahi bəstəkar Qara Qarayevin anadan olmasının ildönümünə həsr olunmuş elektron musiqi təqdim olunub.

Bəstəkarın “İldırımlı yollarla” baletindən çılğın qızın rəqsi kompozisiyası ilk dəfə elektron musiqi formatında ifa olunub və maraqla qarşılanıb.

Elektron musiqi kompozisiyasının aranjemanı Emin AZE-yə, ifası Əməkdar artist Sahib Paşazadəyə (tar) məxsusdur.