Serbiyanın Novi Sad şəhərinin 2022-ci il “Avropanın Mədəniyyət Paytaxtı” seçilməsi münasibətilə hazırlanan beynəlxalq mədəni layihənin təqdimatı keçirilib. Bununla əlaqədar ölkənin aparıcı musiqi kollektivi olan Novi Sad Dövlət Orkestri – “Voyvodanski” simfonik orkestri ilə “Best of Novi Sad” layihəsinin ilk konserti gerçəkləşib.

Təqdimat gecəsinə azərbaycanlı dirijor – Akademik Dövlət Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, beynəlxalq müsabiqələr laureatı, Bakı Musiqi Akademiyasının dosenti Əyyub Quliyev dəvət olunub. Tədbirə Azərbaycanın Serbiyadakı Səfirliyi də dəstək verib.

Beynəlxalq əhəmiyyətli layihənin Azərbaycanın dahi bəstəkarı Qara Qarayevin musiqisi ilə açılması gecəyə xüsusi rəng qatıb. Proqramın açılışında Qara Qarayevin “İldırımlı yollarla” baletindən parçaların azərbaycanlı dirijorun idarə etdiyi Serbiya orkestri tərəfindən ifası böyük maraqla qarşılanıb.

Sonra proqramda Qara Qarayevin müəllimi – böyük bəstəkar Dmitri Şostakoviçin violonçel və orkestr üçün 2-ci konserti Serbiyanın istedadlı violonçel ifaçısı, beynəlxalq müsabiqələr laureatı İrena Yosifoski tərəfindən ifa edilib. Konsertin ikinci bölümündə tanınmış Avstriya bəstəkarı Tristan Şultsun, Pyotr Çaykovskinin musiqiləri səslənib.