Mədəniyyət naziri Anar Kərimov Türkiyənin ingilis dilində nəşr olunan “Daily Sabah” qəzetinə müsahibə verib.

Müsahibədə ölkəmizdə mədəniyyət sahəsində həyata keçirilən mühüm layihə və yeniliklərdən bəhs edən Anar Kərimov 2020-ci ildə Azərbaycanın tarixi ərazisi olan Qarabağın işğaldan azad edilməsindən sonra başlanan quruculuq işləri, tarixi abidələrin bərpası barədə danışıb.

Prezident İlham Əliyevin 2022-ci ili “Şuşa İli” elan etməsinin əhəmiyyətini xüsusi vurğulayan Anar Kərimov bu xüsusda Mədəniyyət Nazirliyinin üzərinə düşən şərəfli və vacib öhdəliklərdən də söz açıb.

Nazir müsahibədə Azərbaycan mədəniyyətinin incisi sayılan Şuşa haqqında danışaraq, bu il 270 yaşını qeyd edəcək şəhərin tarixi-mədəni irsi ilə yanaşı, səfalı iqlimi, füsunkar təbiəti ilə də tanındığını bildirib, Şuşanın tarixi keçmişi haqda geniş məlumat verib.

Anar Kərimov həmçinin 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərdən, qardaş Türkiyənin Azərbaycana siyasi və mənəvi dəstəyinin önəmindən danışıb. Azərbaycan və Türkiyə dövlət başçılarının 2021-ci ilin 15 iyununda Şuşa şəhərində imzaladıqları tarixi bəyannamənin ölkələrimiz arasında münasibətlərə müstəsna töhfə olduğu vurğulanıb.

Nazir müsahibənin sonunda Azərbaycan və Türkiyənin kino sahəsində əməkdaşlığı, nəzərdə tutulan birgə layihələrdən də söz açıb, 2021-ci ildə ilk dəfə İstanbulda gerçəkləşən “Dədə Qorqud” Türk Dünyası Film Festivalını 2023-cü ildə “Türk Dünyasının Mədəniyyət Paytaxtı” olacaq Şuşada təşkil etmək istədiyimizi diqqətə çatdırıb.

Müsahibənin mətni bu linkdə: https://www.dailysabah.com/arts/cultural-revival-key-in-shusha-reconstruction-azerbaijani-minister/news