“Şuşa mədəniyyətinin inciləri”

 

Mədəniyyət Nazirliyinin həyata keçirdiyi “Şuşa mədəniyyətinin inciləri” layihəsinin müxtəlif bölmələri üzrə təqdimatlar davam edir. Layihənin “Azərbaycan musiqisinin məbədi – Şuşa” bölməsi üzrə ilk materialı “Şuşanın dağları” mahnısına həsr olunub.

Şuşada musiqi onun hər daşına, qalasına, ab-havasına hopub. Qarabağın baş tacı, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhəri haqqında ilk mahnı ustad xanəndə Xan Şuşinski tərəfindən bəstələnib.

Musiqisi və sözləri xanəndəyə məxsus olan “Şuşanın dağları” mahnısı XX əsrin 20-ci illərində yaranıb. Mahnı muğam üçlüyü – xanəndə (qaval), tar və kamança ifaçıları üçün nəzərdə tutulub. Tez bir zamanda sevilən və xalq mahnısı kimi qəbul edilən “Şuşanın dağları” bəstəkar Səid Rüstəmov tərəfindən nota alınaraq “Azərbaycan xalq mahnıları” toplusunda (1967) çap olunub.

Mahnı iki dəfə – 1946-cı ildə muğam üçlüyünün, 1962-ci ildə isə xalq çalğı alətləri ansamblının ifasında lentə alınıb. Bu mahnıya Xan Şuşinskidən sonra bir çox ifaçılar müraciət edib. Sevindirici haldır ki, müasir dövrümüzdə müğənnilər tərəfindən ifa olunan “Şuşanın dağları” mahnısı ilkin variantda dinləyicilərə təqdim edilir. Mahnı bəstəkar Adilə Yusifova tərəfindən xor üçün də işlənilərək çap olunub. Musiqi əsəri həmçinin muğam triosunun ifasında “Dərviş Parisi partladır” (1976) bədii filmində səslənir. Ekran əsərində hadisələr elə Qarabağda baş verir.

Qarabağda tarixi Zəfərimizdən, 2021-ci ildə qala-şəhərimizdə keçirilən musiqi və ədəbiyyat bayramlarında yenidən Xanın səsində “Şuşanın dağları başı dumanlı” sədaları havalandı. Cıdır düzündə Xanın səsinin havalanması ilə Üzeyir bəyin, Xan qızı Natəvanın, Bülbül və başqa Şuşa ünvanlı sənətkarların da ruhu rahatlıq tapdı.

Şuşanın dağları başı dumanlı,
Qırmızı qoftalı, yaşıl tumanlı,
Dərdindən ölməyə çoxdur gümanım.
Ay qız, bu nə qaş-göz, bu nə tel,
Ölərəm dərdindən, onu bil,
Danışmasan da, balam, barı gül...