Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin “Azərbaycan” pavilyonunda Qara Qarayevin (1918-1982) anadan olmasının 104-cü ildönümünə həsr olunmuş konsert təşkil edilib.

Konsertdə “Legend of fire” triosunun ifasında Qara Qarayev, Fikrət Əmirov, Dmitri Şostakoviç, Niyazi, Arif Məlikov və Vasif Adıgözəlovun əsərləri səslənib. Trionun üzvləri – Azərbaycanın Əməkdar artisti Ceyla Seyidova (skripka), Zəhra Bədəlbəyli (fortepiano) və Arslan Növrəslinin (tar) ifaları dinləyicilər tərəfindən hərarətlə qarşılanıb.

Böyük bəstəkarın doğum günü münasibətilə “Azərbaycan” pavilyonunun Moskvanın iki radiosu ilə əməkdaşlığı çərçivəsində “Relax FM” və “Radio Romantika”nın efirində Qara Qarayevin musiqiləri səsləndirilib. Pavilyonun direktoru Səadat Qədiriova bildirib ki, hər iki radionun geniş auditoriyası var: “Düşünürəm ki, Azərbaycan bəstəkarı Qara Qarayevin əsərlərinin bu radiolarda milyonlar üçün səslənməsi çox dəyərli və qiymətlidir...”.