Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, şair, tərcüməçi Əli Vəkil fevralın 7-də 84 yaşında vəfat edib. Bu barədə AYB-dən məlumat verilib.

Əli Vəkil (Əli Vəkil oğlu Səfiyev) 1938-ci il iyunun 10-da Ermənistanın Basarkeçər (indiki Vardenis) rayonunun Yuxarı Şorca kəndində anadan olub. 1960-cı ildə X.Abovyan adına Ermənistan Dövlət Pedaqoji İnstitutunun Fizika-riyaziyyat fakültəsinin Azərbaycan şöbəsini, 1970-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatrşünaslıq fakültəsini (qiyabi) bitirib.

Əmək fəaliyyətinə 1960-cı ildə Ermənistan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Azərbaycan dilində verilişlər redaksiyasında diktor-redaktor kimi başlayıb. Həmin dövrdən bədii yaradıcılıqla da məşğul olub.“Ədəbi Ermənistan” (Azərbaycan dilində) almanaxında şeirləri çap olunub. Eyni zamanda bədii tərcümə ilə məşğul olub. O cümlədən Azərbaycan ədəbiyyatından erməni dilinə (Bəxtiyar Vahabzadənin "Vicdanın səsi" pyesi, Bayram Həsənovun "Ayaz" povesti) tərcümələr edib.

1970-80-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində, Azərbaycan Dövlət İncəsənət İnstitutunda, Yazıçılar İttifaqının orqanı olan "Azərbaycan” jurnalının erməni dilində nəşrində müxtəlif vəzifələrdə çalışıb.

1972-ci ildən AYB-nin üzvü olan şairin “Zəfər çələngi”, “İki günəş”, “Doğma yollar”, “Ata həsrəti”, “Göyərçinlər”, “Yeddi dağ”, “Şəlalə”, “Ana qayğısı” və başqa kitabları çap olunub.

Allah rəhmət eləsin.