Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 5 nömrəli filialı Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü ilə əlaqədar videoçarx hazırlayıb.

Videomaterialda 34 yaşlı qəhrəmanın ömür və şərəfli döyüş yolu haqqında məlumat verilir.

Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvarın rayonunun Əliabad kəndində anadan olub. 1994-cü ildə M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə gedib, 2005-ci ildə orta təhsilini bitirib.

Həmin il həqiqi hərbi xidmətə çağırılıb. Əsgəri xidmətini Daxili Qoşunların N saylı hərbi hissəsinin Xüsusi təyinatlı bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. bir müddət mülki işlərdə çalışdıqdan sonra 2009-cu ilin avqust ayında gizir rütbəsində yenidən hərbi xidmətə başlayıb və öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət edib.

Mübariz İbrahimov 2010-cu il iyunun 18-də gecə saatlarında təkbaşına cəbhə xəttindəki bir kilometrlik minalanmış sahəni keçib. Ermənistan silahlı qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilməz həmlə ilə məhv edib. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək beş saat onlarla döyüşüb. Düşməni ağır itkilərə məruz qoyan cəsur döyüşçü onların zəif cinahlarını üzə çıxarıb. Səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına şəhid olub.

Prezident İlham Əliyevin 22 iyul 2010-cu il tarixli sərəncamı ilə gizir Mübariz İbrahimova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Qəhrəmanın nəşi Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin 2010-cu il 27 oktyabr tarixli birgə bəyanatına əsasən, 2010-cu il noyabrın 6-da Vətənə gətirilib.

Milli Qəhrəman Mübariz İbrahimov İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.