Beynəlxalq elmi konfransın materialları çap olunub

 

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Özbəkistanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ötən ilin fevralında keçirilən “Zahirəddin Məhəmməd Babur və Azərbaycan” mövzusunda onlayn beynəlxalq elmi konfransın materialları çap olunub. Görkəmli özbək dövlət xadimi, ensiklopedik alim və şair Zahirəddin Məhəmməd Baburun (1483-1530) həyat və fəaliyyətinin müxtəlif məqamlarına işıq tutulan topluda Azərbaycan və Özbəkistanın tanınmış alim və tədqiqatçılarının məqalələri çap olunub.

Kitabda Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, Özbəkistanın ölkəmizdəki səfiri Bəhram Əşrəfxanov, Özbəkistan Yazıçılar Birliyinin yaradıcılıq işləri üzrə I müavini Nadir Xalbutayevin çıxışları, eyni zamanda Azərbaycan alimlərindən Ədəbiyyat İnstitutu Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr şöbəsinin müdiri, filologiya elmləri doktoru Almaz Ülvi (Binnətova), M.Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov, filologiya elmləri doktoru Yaşar Qasımbəyli, dosent Akif Azalp, nizamişünas, dosent Təhminə Bədəlova və başqalarının məqalələri yer alıb. Özbəkistandan isə professorlar Həmidulla Baltobayev, Nurbay Cabbar, Cabbar İşankulov, Dilaram Salahi, Xurram Rəhimov, baburşünas Arif Hacı, Mirzə Gəncəbəy, Vahab Rəhmanov, Cəlaləddin Curayev, Qədir Erqaşev, Gülbahor Aşurova və digərlərinin Məhəmməd Babur haqqında tədqiqatları topluda əksini tapıb.

Nizami adına Ədəbiyyat İnstitutu Elmi şurasının qərarı ilə nəşr olunan kitabın elmi redaktorları akademik İsa Həbibbəyli və professor Həmidulla Baltobayev, məsul redaktoru Bəxtiyar Məmmədov, toplayıb nəşrə hazırlayan və redaktoru filologiya elmləri doktoru Almaz Ülvidir.