Şuşanın 270 illiyinə həsr olunan elmi konfrans

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutu (ETİ) mayın 8-də Şuşa şəhərinin 270 illiyinə həsr olunan “Azərbaycanın elm və mədəniyyət mərkəzi - Şuşa” mövzusunda beynəlxalq elmi konfrans keçirəcək. Beynəlxalq konfrans ölkə başçısının 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında sərəncamına uyğun olaraq təşkil ediləcək.

ETİ-dən bildirilib ki, konfransın keçirilməsində məqsəd şəhərin tarixinin, mədəni irsinin ədəbiyyat, incəsənət, memarlıq, din, fəlsəfə və digər aspektlərdən araşdırılmasıdır.

Konfrans Şuşanın tarixi, Azərbaycan ədəbi irsində yeri, Şuşadakı incəsənət və memarlıq nümunələri, dini-mədəni abidələr, Şuşanın geosiyasi əhəmiyyəti və 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər və digər mövzuları əhatə edəcək.

Konfransa elmi işçilər, doktorant və magistrlər məruzə və məqalələr təqdim edə bilərlər. Məqalələr Azərbaycan, türk, ingilis və ya rus dillərində aprelin 1-dək elmtarixi@gmail.com elektron poçt ünvanına göndərilməlidir.