Azərbaycanın Əməkdar jurnalisti Qalina Mikeladze fevralın 5-də, ömrünün 91-ci ilində vəfat edib.

Qalina Alekperovna Mikeladze 1931-ci ildə anadan olub. M.Lomonosov adına Moskva Dövlət Universitetini bitirib. 50-ci illərdə “Bakinski raboçi” qəzetinin müxbiri, 1964-1987-cu illərdə “Sovetskaya torqovlya” qəzetinin xüsusi müxbiri olub. 90-cı illərdə “Günay” qəzetində, son illərdə “1news” informasiya agentliyində çalışıb, respublikanın digər nəşrlərində maraqlı məqalələrlə çıxış edib.

Mədəniyyət xadimləri, məşhur siyasətçi, maarifçi və xeyriyyəçilər, tariximizdə iz qoymuş görkəmli qadınlar haqqında neçə-neçə məqalə, araşdırma və essenin – ümumilikdə 20-dən artıq kitabın müəllifi olub.

Qalina Mikeladze Azərbaycanın ictimai və mədəni həyatında da yaxından iştirak edib. “Şöhrət” ordeni təltif edilmiş, Prezident təqaüdünə layiq görülmüşdü.