Taras Şevçenko adına Kiyev Milli Universitetində Azərbaycan-Ukrayna diplomatik münasibətlərinin bərpasının 30 illiyi münasibətilə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ilk səfiri olmuş yazıçı Yusif Vəzir Çəmənzəminlinin adına böyük auditoriyanın və barelyefinin açılışı olub. Çəmənzəminli vaxtilə Kiyevdə ali təhsil alıb.
Açılış mərasimində Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova, universitetin rektoru Volodimir Buqrov, Azərbaycanın sabiq xarici işlər naziri, səfir, Cümhuriyyət dövrünün araşdırmaçısı Vilayət Quliyev, Çəmənzəminlinin nəvəsi, Azərbaycan XİN-in şöbə rəisi Yusif Vəzirov, Ukraynanın xarici işlər və mədəniyyət nazirlərinin müavinləri Mikola Toçitskiy və Rostislav Karandeev, Ali Radanın deputatları iştirak ediblər.
Elmira Axundova bildirib ki, Çəmənzəminli burada təkcə diplomat kimi çalışmayıb, o, həmçinin ictimai və ədəbi fəaliyyəti ilə də Ukraynada aktiv olub. Səfir bu açılışın Azərbaycanla Ukrayna arasında diplomatik əlaqələrin bərpasının 30 illiyi ərəfəsinə təsadüf etdiyini xatırladaraq ötən müddətdə müstəqil ölkələrimiz arasında münasibətlərin uğurlu inkişafından danışıb.
Universitetin rektoru V.Buqrov bildirib ki, Çəmənzəminli kimi tarixi şəxsiyyətin onların məzunu olması nə qədər şərəfdirsə, bugünkü barelyefin açılışı da o qədər qürurvericidir. O, universitetlərində barelyefin ilk dəfə açıldığını bildirib.
Ukrayna xarici işlər nazirinin müavini Mikola Toçitskiy isə Azərbaycan ilə Ukrayna arasında müstəqil tarixi əlaqələrin 100 il əvvələ gedib çıxmasını iki ölkə arasında dostluğun tarixiliyinin bariz nümunəsi olduğunu bildirib. O qeyd edib ki, fevralın 6-da 30 ili tamam olan Azərbaycan-Ukrayna diplomatik əlaqələrinin bərpası iki ölkə arasında münasibətlərin uğurlu tarixlərindəndir. Nazir müavini qeyd edib ki, ikitərəfli münasibətlər prezidentlər İlham Əliyev və Volodimir Zelenski tərəfindən olduqca dinamik və məhsuldar formada inkişaf etdirilir.
Azərbaycanın sabiq xarici işlər naziri Vilayət Quliyev çıxışında Çəmənzəminlinin fəaliyyətindən, Ukrayna tarixində onun rolundan bəhs edib.
Auditoriyada Azərbaycan atributları ilə yanaşı, Çəmənzəminliyə aid tarixi eksponatlar da yerləşdirilib.
Yazıçının nəvəsi Yusif Vəzirov babasının yaşadığı günlərdən yadigar qalan və Bakıdan gətirdiyi kilim və armudu stəkanı da auditoriyaya təhvil verib.
Sonra universitetin akt zalında Yusif Vəzir Çəmənzəminlinin Kiyevdəki təhsil həyatından bəhs edən “Studentlər” avtobioqrafik romanının təqdimatı olub.
Qeyd edək ki, yanvarın 21-də Taras Şevçenko adına Kiyev Milli Universitetinin rektoru Vladimir Buqrov və Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova bu ali təhsil ocağında azərbaycanlı dövlət xadimi və yazıçı Yusif Vəzir Çəmənzəminli adına auditoriyanın yaradılmasına dair anlaşma memorandumu imzalayıblar. Memoranduma əsasən, universitetin Hüquq fakültəsinin 243 saylı auditoriyasına Yusif Vəzir Çəmənzəminlinin adı verilib. Auditoriya səfirliyin maliyyə dəstəyi ilə təmir olunub.
Yusif Vəzir Çəmənzəminlinin arxivindən əlyazmaların, diplom və sənədlərin surətləri, şəkilləri auditoriyaya təqdim olunub. Auditoriyada həmçinin müasir müstəqil Azərbaycana, ümummilli lider Heydər Əliyevə və Prezident İlham Əliyevə aid guşə də yaradılıb. Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan Respublikasının xəritələri, Qarabağ xalçası da auditoriyada yer alıb.
Auditoriyanın girişində qoyulan Yusif Vəzir Çəmənzəminlinin barelyefinin müəllifi Ukraynanın Xalq rəssamı, soydaşımız Katib Məmmədovdur.