Ukrayna Mədəniyyət və İnformasiya Siyasəti Nazirliyinin təşkilatçılığı ilə 2021-ci ilin dekabr ayından 2022-ci ilin fevral ayınadək 5-25 yaş arasında uşaq və gənclər üçün МАЛЮЙ.UA IV Beynəlxalq İncəsənət festivalı keçirilir. Qaliblərin əsərlərindən ibarət sərgi 14-28 fevral tarixində Kiyev şəhərində İ.P.Kavaleridze Muzey-emalatxanasında gerçəkləşəcək.
Beynəlxalq münsiflər heyətinə ümumilikdə 12 ölkədən (İspaniya, İtaliya, ABŞ, Kanada, Belçika və s.) tanınmış rəssam, heykəltəraş, mədəniyyət və incəsənət xadimləri daxildir. Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar incəsənət xadimi, professor Çingiz Fərzəliyev də münsiflər heyətinin üzvü qismində dəvət olunub.
Qeyd edək ki, festivalın əsas məqsədi Ukrayna və digər xalqlar arasında mədəniyyət diplomatiyasının inkişafına, eləcə də müxtəlif ölkələrin nəsilləri arasında əlaqələrin yaradılmasına və möhkəmləndirilməsinə töhfə verməkdir.