Zamanın səhifələrində qalan olaylar, faktlar...
174 il əvvəl...
15 fevral 1848-ci ildə Londonda Karl Marks və Fridrix Engelsin birgə yazdığı “Kommunist partiyasının manifesti” əsəri çapdan çıxıb. İlk nəşri alman dilində işıq üzü görən 23 səhifəlik broşür ilə uzun illər bir sıra ölkələrdə hakim olmuş kommunist ideologiyasının təməli qoyulub.
102 il əvvəl...
12 fevral 1920-ci ildə Azərbaycan Kommunist (bolşeviklər) Partiyası yaranıb. Partiyanın təsis qurultayında (11-12 fevral) qəbul olunan proqramda Azərbaycan Xalq Cümhuriyyəti hökumətini yıxmaq üçün silahlı üsyan xətti irəli sürülüb. Bolşevik Rusiyasının siyasətini həyata keçirən AK(b)P-nin rəhbəri isə erməni millətçisi Anastas Mikoyan idi.
100 il əvvəl...
15 fevral 1922-ci ildə Haaqada (Niderland) Beynəlxalq Qanunçuluq Məhkəməsinin ilk sessiyası açılıb. II Dünya müharibəsindən sonra Haaqada Beynəlxalq Tribunal fəaliyyətə başladı.
77 il əvvəl...
13 fevral 1945-ci ildə II Dünya müharibəsində ən böyük bombardmanlardan biri baş verib. ABŞ-Britaniya hərbi aviasiyası Drezden şəhərinə ümumilikdə 3750 ton bomba atıb. Şəhərdə 100 mindən çox adam ölüb, içərisində yüzlərlə tarixi abidə olan 30 mindən çox bina dağıdılıb. Müharibənin taleyinin həll olunduğu bir vaxtda hərbi nöqteyi-nəzərdən strateji əhəmiyyət daşımayan şəhərdə belə bir əməliyyata ehtiyac yox idi. Lakin Britaniya bununla 1940-cı ildə almanların Londonu bombalamasının əvəzini çıxırdı.
66 il əvvəl...
14 fevral 1956-cı ildə Moskvada Sov.İKP-nin XX qurultayı işə başlayıb. Sovet dövlətinin ali toplantısı 11 gün davam etdi və Stalin mifinin dağılması ilə tarixə düşdü. Qurultayda məruzə ilə çıxış edən SSRİ rəhbəri Nikita Xruşşov İosif Stalinin “şəxsiyyətə pərəstiş siyasəti”ni ifşa edib. Qurultay SSRİ-də nisbi demokratik “istiləşmə” dövrünün başlanmasında tarixi rol oynadı.
14 fevral 1956-cı il Azərbaycan Televiziyasının yarandığı gündür. Bakı Televiziya Studiyası yayıma başlayıb. Telestudiya əvvəlcə həftədə 3 dəfə, 1957-ci ildən 5 dəfə 2 saatlıq proqramla efirə çıxırdı. 1962-ci ildə gündəlik efirə çıxan proqramların həcmi 7 saatadək artırıldı. 70-ci illərdə gündəlik verilişlərin yayım həcmi 10, 80-ci illərdə 18 saata çatdırıldı. 2005-ci ildən 24 saatlıq fasiləsiz yayıma keçib.
30 il əvvəl...
13 fevral 1992-ci ildə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı regiona ATƏT-in (o vaxt ATƏM adlanırdı) ilk missiyasının səfəri başlayıb. Təşkilata sədrlik edən Çexoslovakiya (1993-cü ildə Çexiya və Slovakiyaya bölündü) Prezidenti Administrasiyasının rəhbəri Karel fon Şvartsenberqin başçılıq etdiyi heyət bir həftə ərzində Bakı, Yerevan və Xankəndidə olmuşdu. Həmin ilin 24 martında ATƏT-in Minsk qrupu yarandı.
Hazırladı: V.Orxan