Fevralın 9-da İstanbulda dünyanın ən böyük turizm sərgilərindən olan “EMİTT – 2022” – Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisi işə başlayıb.

Bu il 25-ci dəfə keçirilən beynəlxalq sərgidə Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən ölkəmizin milli stendi qurulub. Stenddə beş yerli turizm şirkəti, bir mehmanxana qrupu və “Azərbaycan Hava Yolları” QSC-nin guşələri də yer alıb.

İstanbulun TÜYAP Sərgi və Konqres Mərkəzində fevralın 12-dək davam edəcək sərgi çərçivəsində Türkiyənin aparıcı turizm şirkətləri və xarici ölkələrdən olan nümayəndələrlə, marketinq və PR agentləri, eyni zamanda dövlət qurumlarının təmsilçiləri ilə görüşlər də keçirilir. Görüşlərdə qarşılıqlı əməkdaşlıq, Azərbaycanın turizm potensialının tanıdılması məsələləri müzakirə edilir, yerli turizm məhsulları, ekoturizm, kampinq, şərab turizmi və qastronomiya, qış turizm imkanları təqdim olunur.

Sərgidə Azərbaycanın işğaldan azad olunun ərazilərinin turizm potensialı, Zəngəzur dəhlizi və bu dəhlizin imkanları da təbliğ edilir.

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy “EMİTT – 2022” sərgisinin açılış günü Azərbaycan stendini də ziyarət edib. Nazir Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun nümayəndələri ilə görüşüb.

Mehmet Nuri Ersoy Azərbaycan və Türkiyə arasında turizm əlaqələrinin hazırkı inkişafını yüksək qiymətləndirib və bu əməkdaşlığı daha da genişləndirmək istədiklərini deyib. “Mən qardaş ölkəni ziyarət etdiyim zaman Azərbaycanın çox böyük turizm potensialının olduğunu gördüm. Türkiyənin turizm potensialı yüksək olan bölgələrində Azərbaycanın yetərincə tanıdılması ölkəyə türk turistlərin cəlb olunmasını artıracaq. Burada mövcud qarşılıqlı turizm əlaqələrimizin daha da artırılması əsas məqamlardan biridir”, – deyə o bildirib.