“Qırmızı kitab”a daxil edilməsi tövsiyə olunub

 

2021-ci ildə Qarabağın bir sıra rayonlarının (Ağdərə, Ağdam, Xocavənd, Füzuli, Cəbrayıl) bitki genetik ehtiyatlarının floristik təftişi, bioekoloji xüsusiyyətləri və istifadə imkanları təhlil edilib. Tədqiqatlar nəticəsində 9 genofond qrupuna aid 541 növün yayılması aşkar edilib.

AMEA Genetik Ehtiyatlar İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkbərov bildirib ki, torpaqların işğaldan azad olunması nəticəsində bu ərazilərdə yayılmış bitki və heyvan genetik müxtəlifliyinin müqayisəli tədqiqi üçün imkan yaranıb. Genetik Ehtiyatlar İnstitutu işğaldan azad edilmiş ərazilərdə bitki genetik ehtiyatlarının təftişi, toplanması, mühafizəsi, eləcə də Qarabağ və Şərqi Zəngəzurun torpaq-iqlim şəraitinə uyğun yeni bitki sortlarının yaradılması işini prioritet elan edib və planlı şəkildə elmi-tədqiqat fəaliyyətinə başlayıb.

Alimin sözlərinə görə, aparılmış təhlillər göstərib ki, qeyd edilən bitkilərdən perspektivli növlərə əsasən Füzuli (127 növ) və Ağdam (93 növ) rayonlarında rast gəlinir. Ərazidə itmək təhlükəsində olan 65 bitki növü aşkar edilərək Azərbaycan Respublikasının “Qırmızı kitab”ının yeni nəşrinə daxil edilməsi tövsiyə olunub.

Baş direktor işğaldan azad edilmiş ərazilərdə ekspedisiyaların keçirilməsi üçün plan və yol xəritələrinin hazırlandığını da vurğulayıb.